Qədim sivilizasiyaların açılmayan sirri

Qədim sivilizasiyaların açılmayan sirri
  29 Aprel 2013    Oxunub:4872
Meqalitlər böyük daş bloklardan ibarət tikililərdir. Bu tikililər müxtəlif məqsədlərlə inşa ediliblər. Bəşəriyyət tarixinə baxdıqda keçmişdən dövrümüzə qədər bir çox meqalitin qaldığını görürük.
Meqalitlərin ən təəccüblü cəhətlərindən biri bəziləri bir tondan daha ağır olan daş blokların bu tikililərin inşasında necə istifadə olunmasıdır. Bu nəhəng daşlar hansı yolla inşaat sahəsinə gətirilib, hansı texnika vasitəsilə yuxarıya qaldırılıb? O dövrün insanları bunları necə üst-üstə qoyaraq bu tikililəri inşa ediblər?

Əsasən, daşların uzaq bölgələrdən daşınması ilə inşa edilən bu meqalitlər inşaat və mühəndislik möcüzəsi hesab edilir. Bu cür əsərləri meydana gətirən insanların isə çox qabaqcıl texnologiyaya malik olduqları aydındır.

Piramidaların da hansı inşaat texnika və texnologiya ilə tikildiyi bu gün də tam məlum deyil. Dövrümüzün texnologiyası ilə insanların anlaya bilmədiyi bu nəhəng əsərləri bundan təqribən 2500 il əvvəl insanlar böyük bacarıqla inşa ediblər.

Bu tikililərin inşa edilməsi üçün əvvəlcə plan qurulmalı, bu plan inşaatda işləyəcək bütün insanlara doğru izah edilməlidir. Plan qurularkən tikilinin harada, necə inşa ediləcəyini göstərən texniki çertyojlar çəkilməlidir. Habelə, bu texniki çertyojlarda hesablamalar da səhvsiz olmalıdır, çünki ən kiçik səhv tikilinin inşasını qeyri-mümkün edər. Bütün bunlarla yanaşı, inşaatın baş tutması üçün təşkilatçılıq da qüsursuz olmalıdır. İşçilərin bir-birilə düzgün əlaqəsinin təmin edilməsi, ehtiyaclarının (yemək, dincəlmək və s.) ödənilməsi inşaatın lazımi qaydada davam etməsi və nəticələnməsi üçün əsas şərtlərdir.

Bu tikililəri inşa edən insanların təxmin edildiyindən də artıq bilik, təcrübə və texnologiyaya malik olduğu açıq-aydın görünür. Sivilizasiya həmişə inkişaf etmir, bəzən də geriləyir. Hətta çox vaxt qabaqcıl və geridə qalmış sivilizasiyalar tarixin eyni dövründə dünyanın müxtəlif yerlərində birlikdə yaşayırlar.

Sözügedən meqalitləri inşa edən insanların da qabaqcıl sivilizasiya qurması – arxeoloji və tarixi dəlillərin göstərdiyi kimi – çox yüksək ehtimaldır. Çünki qoyub getdikləri əsərlər hərtərəfli riyaziyyat və həndəsə biliyinə yiyələndiklərini, kələ-kötür ərazilərdə sabit nöqtələri ölçüb üzərində tikili inşa etmək üçün lazımi texniki məlumata malik olduqlarını, coğrafi mövqeləri müəyyən etmək üçün (kompas kimi) alətlərdən istifadə etdiklərini, kilometrlərlə uzaq məsafədən inşaat üçün lazımi materialları daşıya bildiklərini göstərir. Bu da bir daha təsdiqləyir ki, o dövrün insanları təkamülçülərin irəli sürdüyü kimi ibtidai həyat tərzi keçirmirdilər. İncəsənətdən zövq alır, memarlıq sənətini yaxşı bilir, inşaat texnologiyasından ustalıqla istifadə edir, astronomik təhlillər aparırdılar.

Keçmiş sivilizasiyalardan çox vaxt daş blokların, ağır daş tikililərin və ya yüz minlərlə il əvvələ aid bəzi daş alətlərin qalması normaldır. Bəzi daş tikililərə və əsərlərə baxaraq dövrün insanlarının ancaq daşdan istifadə etdiyini, texnologiyadan uzaq, geridə qalmış sivilizasiyaya malik olduğunu irəli sürmək doğru deyil. Bunlar müxtəlif doqmaların təsirilə verilən şərhlərdən başqa heç bir elmi əhəmiyyət daşımır.

Daha əvvəl də vurğuladığımız və bir çox qabaqcıl təkamülçünün qəbul etdiyi kimi, əldə edilən qalıqlar ictimai həyat haqqında bizə dəqiq məlumat verə bilməz. Ancaq bu tapıntılar ön mühakimələrin mənfi təsirindən çıxaraq dəyərləndirilərsə, həqiqətə daha yaxın şərh vermək mümkündür. Yüz minlərlə il əvvələ aid bir xalq taxta qəsrlərdə yaşasa da, şüşə döşəməsi olan estetik imarətlər tiksə də, ən estetik daxili dekorasiya materiallarından istifadə etsə də, minilliklər ərzində külək, yağış, zəlzələ, sel kimi təbii fəlakətlərin təsirilə aşınma nəticəsində bu tikililərdən dövrümüzə aydın dəlillər qalmayacağı açıqdır. Taxtanın, şüşənin, misin, tuncun və digər müxtəlif metalların təbii şərtlər altında aşınması ən çox 100-200 il çəkir. Yəni 150-200 il sonra evinizin beton və ya taxta divarları aşınıb gedər, içindəki əşyalardan isə geriyə çox az iz qalar. Zəlzələyə, selə və ya fırtınaya məruz qaldıqda isə geriyə qalan izlər də yox olar. Bunlardan geriyə ancaq aşınması daha uzun zaman tələb edən daş bloklar qalar. Çünki kiçik parçalara bölünən daş məmulatlar da ovular. Ona görə, bu daş bloklara əsaslanaraq o dövrdə yaşamış xalqların gündəlik həyatları, sosial əlaqələri, inancları, zövqləri, incəsənət anlayışları haqqında dəqiq izah verilə bilməz.

Nyuqreync

















Dünyanın ən məşhur daş tikililərindən biri olan Nyuqreync 93 meqalitdən ibarətdir. E.ə. 3200-cü ildə inşa edildiyi təxmin edilən Nyuqreync Dublin yaxınlığında bir mavzoleydir. Hələ Misir, Babil və ya Krit sivilizasiyasının olmadığı dövrdə Nyuqreync mövcud idi. Bu dövrdə dünyanın məşhur daş tikililərindən biri olan Stounhenc belə hələ inşa edilməmişdi. Aparılan tədqiqatlar Nyuqreyncin təkcə məzar olmadığını, bu mavzoleyi inşa edənlərin hərtərəfli astronomiya biliyinə malik olduğunu da göstərmişdir. Nyuqreyncin astronomik xüsusiyyətlərinə keçməzdən əvvəl inşaat xüsusiyyətlərinə toxunmaqda fayda vardır. Çünki Nyuqreynci inşa edənlər əhəmiyyətli mühəndislik texnikasına və memarlıq təcrübəsinə malik olublar.

Nyuqreync bir çox arxeoloq tərəfindən texniki möcüzə adlandırılır. Tikilinin üzərindəki qübbə öz-özlüyündə mühəndislik şah əsəridir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan monolit daşlar üst-üstə elə qoyulub ki, hər üstdəki daş altdakından bir az daha kənara çıxmış vəziyyətdədir. Bu şəkildə tikilinin üstündə orta hissədə 6 metr hündürlüyündə altıbucaqlı baca əmələ gəlmişdir. Bacanın sonunda lazım gəldikdə açılıb-örtülən daş qapaq var.

Şəkildə Nyuqreyncdən bir hissə görünür. Nyuqreyncin tikintisində istifadə edilmiş daş blokların necə daşındığı, inşaatın hansı texnika ilə həyata keçirildiyi dövrümüzdə hələ də tam aşkar edilməmişdir.

Bu nəhəng tikilinin yaxşı mühəndislik biliyi olan, dəqiq hesablama aparan, düzgün planlaşdırma bacarığına malik, yük daşıyan və praktiki inşaat biliklərindən yaxşı istifadə edən insanlar tərəfindən inşa edildiyi açıq-aşkar görünür. Təkamülçülərin iddiaları ilə belə bir tikilinin necə inşa edildiyini açıqlamaq mümkün deyil. Çünki təkamülçülərin həqiqətdənkənar şərhlərinə əsasən, bu dövrün insanları ibtidai mühitdə yaşayıblar. Ancaq bu cür nəhəng tikilinin ibtidai mühitdə, inşaat biliyinə malik olmayan insanlar tərəfindən inşa edilməsi qeyri-mümkündür.

Tikilinin astronomik xüsusiyyətləri də heyrətamizdir. Bu nəhəng mavzoley elə inşa edilib ki, Günəşin gün dönümündə tikilinin içində heyranedici işıq oyunu meydana gəlir. Qış günəşinin gün dönümündə, yəni ilin ən qısa günündə günəş doğduqdan qısa müddət sonra günəş işığı birbaşa Nyuqreyncin qəbir otağına düşür. Bundan sonra müxtəlif koridor qapılarında və nəhəng daşlarda əks olunaraq irəliləyir və nəhayət arxa divara çatır. Bu zaman mükəmməl işıq oyunu meydana gəlir. Diqqətçəkən xüsus isə budur ki, işıq tikilinin içinə koridordan deyil, koridor qapısının çardağının üstündə xüsusi açılmış dar dəlikdən girir. Bütün daş bloklar da işığın əks olunması üçün uyğun bucaq altında yerləşdirilib. İşıq oyununu görkəmli edən ünsürlərdən biri də elə budur.

Ona görə, bu nəhəng tikilini inşa edənlər mühəndislik biliyi ilə yanaşı, gün dönümlərini və Günəşin hərəkətini hesablamaq üçün astronomiya biliyinə malik olduğu da məlum olur.
Nyuqreync bölgədə o dövrdən qalmış bir çox daş tikilidən sadəcə biridir. Bu tikiliyə baxaraq ancaq bir şərh vermək olar: bu tikili dərin bilik və təcrübəyə malik insanlar tərəfindən qabaqcıl inşaat texnikası və vasitələri ilə inşa edilmişdir. Həmin dövrdə yaşamış insanların həyatına gəldikdə isə bu cür tikilini inşa edə bilən insanların yaşadığı mühitin də rahat və görkəmli olduğu aşkardır. Astronomiya bilikləri kosmosu müşahidə etmək üçün texnologiyaya və müşahidələrini düzgün ifadə etmək üçün biliyə malik olduqlarına işarə edir.

Kosmosu müşahidə edib etdikləri kəşfləri düzgün şərh edən insanların gündəlik həyatları da bu bilik və təcrübəyə əsasən mədəni olmalıdır. Bəlkə də çox rahat qəsrlərdə yaşayan, gözəl bağçaları olan, yaxşı xəstəxanalarda müalicə almaq imkanına malik, ticarətlə məşğul olan, incəsənətə, ədəbiyyata əhəmiyyət verən, zəngin mədəniyyətə malik bu xalqdan geriyə ancaq bu daş tikili qalıb. Bunların hamısı arxeoloji tapıntılar və tarixi faktlara əsaslanaraq bu daş tikili və onu inşa edənlər haqqında veriləcək reallığı əks etdirən şərhlərdir. Təkamülçülər isə sadəcə materialist qəliblər çərçivəsində düşündüklərinə görə, ağıl və elmə uyğun bu şərhlər əvəzinə, məlum doqmaların məhsulu olan hekayələr danışırlar. Ancaq bu hekayələr heç vaxt əsl həqiqəti ifadə edə bilməz.

Stounhenc
















Stounhenc taxta binanın bünövrə daşları ola bilər. Bu cür bünövrə üzərində qurulan taxta bina külək və fırtınadan ziyan çəkməz. Bəlkə də binanın ancaq bünövrəsi qalıb. Necə və hansı yolla tikildiyi hələ də mübahisəli olan Stounhencin elm adamları tərəfindən üzə çıxarılmış digər mühüm xüsusiyyəti də astronomiya ilə əlaqəsidir. Əldə edilən məlumatlar bu tikilini inşa edənlərin mühəndislik biliyi ilə yanaşı, qabaqcıl astronomiya biliyinin də olduğunu göstərir.

Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən4.5 mhündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlib. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların diqqətini çəkir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyə irəli sürülüb. Burada bu nəzəriyyələrdən hansının doğru olduğu üzərində dayanmayacağıq. Əsas odur ki, bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.

Aparılan tədqiqatlar Stounhencin 3 inşaat mərhələsində ərsəyə gəldiyini üzə çıxarıb. Bir çox mənbəyə əsasən, Stounhencin ən qədim inşaat mərhələsi e.ə. 2800-cü ilə gedib çıxır. Yəni Stounhencin tarixi bundan təqribən 5000 il əvvələ uzanır. Tarixi mənbələr ilk inşaat mərhələsində ərazidə nəhəng daşlardan kiçik çəmbər qurulduğunu və bu çəmbərin xaricinə də dabandaşı yerləşdirildiyini xəbər verir. Daha sonra nəhəng daşlarla ikinci çəmbər qurulmuş, bundan sonra da çəmbərlərin daxili hissəsinə “mavi daş” adlanan daş bloklar yerləşdirilib.

Bu tikilinin ən diqqətçəkən xüsusiyyətlərindən biri burada istifadə edilmiş mavi daşlardır. Çünki Stounhencin yaxınlığında hər hansı mavi daş mənbəyi yoxdur. Aparılan tədqiqatlar bu daşların Preseli dağlarından tikilinin olduğu yerə gətirildiyini üzə çıxarıb. Burada qeyri-adi vəziyyətlə qarşılaşırıq. Çünki mavi daş mənbəyi Stounhencdən təxminən 380 km (quru yolu ilə) uzaqlıqdadır. Əgər dövrün insanları təkamülçü hekayələrdə izah edildiyi kimi ibtidai şəraitdə yaşayan, əllərindəki yeganə alət ağac ling, kötükdən düzəldilmiş sal və daş baltalar olan insanlar idisə, tonlarla ağırlıqdakı bu daşlar Stounhencin olduğu əraziyə necə gətirilmişdi? Bu sualı təkamülçülərin təxəyyül məhsulu olan ssenarilərlə cavablandırmaq mümkün deyil.

Bir qrup tədqiqatçı o dövrün şərtlərini canlandıraraq mavi daşları Stounhencə qədər daşımağa çalışıblar. Bunun üçün ağac linglərdən istifadə etmiş, üç qayığı bir-birinə bağlayaraq mavi daşlara bənzər böyüklükdəki daşların sığacağı sal düzəltmiş, ağac liflərlə salı çay boyu yuxarıya doğru daşımağa çalışmışlar, daha sonra da kobud hazırlanmış təkərlər üzərində daşları təpəyə çıxarmağa cəhd ediblər. Ancaq bütün bu səyləri nəticəsiz qalıb. Bu, mavi daşların Stounhencin olduğu yerə necə daşındığını anlamaq üçün aparılan sınaqlardan sadəcə biridir. Bir çox sınaq keçirilib, həmin dövrün insanlarının hansı daşıma metodundan istifadə etdiyini anlamağa çalışıblar. Ancaq aparılan bu tədqiqatlar heç bir nəticə verməyib. Çünki bütün bu sınaqlar Stounhencin tikildiyi dövrdə yaşayanların sadəcə daş və ağac kimi qaba materiallardan istifadə etdiklərini və geridə qalmış sivilizasiyaya malik olduqlarını düşünərək keçirilir.

Burada bir xüsusun da üzərində durmaq lazımdır. Sözügedən sınaqlar keçirilərkən gəmi tərsanələrində hazırlanan müxtəlif modellərdən, qabaqcıl fabriklərdə istehsal edilən kəndirlərdən istifadə edilir, dəqiq hesablamalar aparılır, planlar qurulur. Yəni dövrümüzün texnologiyasının imkanlarından faydalanılır. Buna baxmayaraq, nəticə əldə edilmir. Bundan təqribən 5000 il əvvəl yaşayan insalar isə tonlarla ağırlıqdakı bu daşları daşıyıb, coğrafi mövqelərini hesablayaraq çəmbər formasında yerləşdiriblər. Bütün bunları daş baltalar, kötükdən hazırlanmış sallar, ağacdan düzəldilmiş linglərlə etmədikləri açıq-aşkardır. Stounhenc və digər bir çox meqalit bəlkə də bizim belə təxmin etmədiyimiz texnologiya ilə inşa edilib.

Zaur Rzayev/ AzVision.az üçün


Teqlər:  





Xəbər lenti