Təsdiqləndi: Koronavirus laboratoriya məhsulu imiş

      Təsdiqləndi:    Koronavirus laboratoriya məhsulu imiş
  03 Dekabr 2024    Oxunub:499
"Koronavirusun xüsusiyyətləri təbiətə xas deyil".
ABŞ Nümayəndələr Palatasının Koronavirus Pandemiyası üzrə Alt Komitəsinin ikiillik araşdırma hesabatında vurğulanır ki, 2019-cu ildə Çinin Uhan şəhərindən bütün dünyaya yayılan, rəsmi açıqlamaya görə 7 milyondan artıq ölüm faktı ilə nəticələnən koronavirusun (elmi adı: "SARS-CoV-2", "COVID-19") laboratoriyada yaradılmasına əsas verən 5 səbəb aşkarlanıb.

"Uhanda SARS-CoV-2 virusu üzrə qeyri-adekvat biotəhlükəsizlik səviyyəsində tədqiqat aparılan laboratiya var. Burada sözügedən virusun təbii mənşədən gəlməsini təsdiqləyən hər hansı sübut yoxdur. Bu onu göstərir ki, virus, böyük ehtimalla, laboratoriyada süni surətdə əmələ gətirilib və sızma nəticəsində yayılıb", - hesabatda bildirilir.

Hesabat müəlliflərin qənaətincə, COVID-19 "təbiətdə tapılmayan bioloji xüsusiyyətlərə malikdir və onun əlamətləri digər pandemiyalardakı kimi bir neçə yayılmada yox, ilk yoluxmadaca özünü göstərib".

"2019-cu ilin payızında, yəni COVID-19-un vəhşi heyvan bazarında aşkarlanmasından aylar əvvəl Uhan Virusologiya İnstitutunun (WIV) əməkdaşları ona bənzər virusa yoluxublar. Bütün elmi standartlara görə, virus təbii mənşədən gəlsə idi, bu fakt həmin vaxt ortaya çıxmalı idi”, - tədqiqatın nəticəsində diqqətə çatdırılır.

Ötən ilin fevralında ABŞ-nin "The Wall Street Journal" qəzeti də məxfi kəşfiyyat hesabatına istinadən yazmışdı ki, ölkənin Enerji Departamenti COVID-19-un Çin laboratoriyasından sızma nəticəsində yayıldığını təsdiqləyib. Bu ehtimal Departamentin Milli Laboratoriyası, habelə Federal Təhqiqat Bürosu (FTB) məqbul sayılıb, lakin Kəşfiyyat Birliyi (IC) belə bir versiyaya şübhə ilə yanaşıb. Həmin günlərdə Ağ Evin sözçüsü Con Kirbi bildirmişdi ki, "hazırda ABŞ hökumətində koronavirusun necə yaranmasına dair dəqiq qənaət yoxdur". Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə virusun təbii mənşəli olması ehtimalını irəli sürür.

Firudin Həmidli
AzVision.az


Teqlər: COVID   koronavirus   mənşə   laboratoriya  





Xəbər lenti