İran-ABŞ nüvə danışıqlarının nəticələrini açıqlanıb

İki saat yarım davam edən danışıqlara İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.
Rəsmi danışıqlar dolayı yolla Omanın vasitəçiliyi ilə aparılsa da, Araqçi və Uitkof Omanın xarici işlər naziri Bədr əl-Busaidinin iştirakı ilə üz-üzə də görüşüblər.
Əraqçi jurnalistlərə danışıqların birinci raundunun “konstruktiv” və “sakit və və qarşılıqlı hörmət atmosferində" keçdiyini bildirib.
“Heç bir yersiz fikir söylənilmədi və hər iki tərəf bərabər mövqedən qarşılıqlı faydalı razılaşma əldə olunana qədər danışıqları irəlilətməyə sadiq olduqlarını nümayiş etdirdilər”, – deyə iranlı nazir bildirib.
Əraqçinin sözlərinə görə, hər iki tərəf danışıqların növbəti raundunda gələcək razılaşmanın ümumi çərçivəsini müəyyənləşdirməyi hədəfləyir. O, ikinci görüşün aprelin 19-na planlaşdırıldığını bildirib.
Xatırladaq ki, şənbə günü gecəsi “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp deyib ki, Tehranla danışıqlar “yaxşı gedir”.
İranla danışıqların növbəti raundunun aprelin 19-da baş tutacağı gözlənilir. Hər iki tərəf ehtiyatlı nikbinlik nümayiş etdirsə də, analitiklər hələ də ciddi problemlərin qaldığını qeyd edirlər. İran rəsmiləri açıq şəkildə böyük güzəştlərə qarşı çıxıblar, prezident Tramp isə danışıqlar nəticəsiz qalarsa, mümkün hərbi əməliyyatlar barədə xəbərdarlıq edərək danışıqlar aparanlara iki aylıq möhlət verib.
Röya Əliyeva
AzVision.az
Teqlər: