"Leopard 2" tankları Ukraynada özünü doğrultmadı - "The Telegraph"

   "Leopard 2" tankları Ukraynada özünü doğrultmadı    - "The Telegraph"
  14 Aprel 2025    Oxunub:1018
Məlum olub ki, Almaniyanın "Leopard 2" tankları Ukrayna aparılan döyüşlər üçün yararsızdır. Bu texnikə hazırda davam edən müharibədə əhəmiyyətli problemlərlə üzləşib. Nəticədə Ukrayna hərbçiləri alman tanklarının potensialından tam şəkildə istifadə edə bilmirlər.
Bu fikirlər “The Telegraph”da dərc olunan məqalədəndir. Nəşr Almaniyanın Ukraynadakı attaşesi ilə Bundesver əsgərləri arasında keçirilmiş görüşün stenoqramına istinad edib. Görüşdə diplomatlar ukraynalıların alman tanklarını idarə edərkən üzləşdikləri çətinliklərdən danışıblar.

"Leopard"ı kamikadze dronla belə vurdular - VİDEO
"Ukrayna əsgərləri hazırda belə hesab edirlər ki, "Leopard 2"nin istifadəsində müəyyən məhdudiyyətlər var", - stenoqramda deyilir.

Qeyd olunub ki, tankla bağlı bəzi problemlər müharibənin gedişinin, taktikaların dəyişməsi ilə bağlıdır. Xüsusilə, "Leopard 2"nin pilotsuz təyyarələrdən endirilən zərbələrə son dərəcə həssas olması ortaya çıxıb. Bundan başqa, bu alman texnikalarının mürəkkəb dizaynı onları döyüş meydanında operativ şəkildə təmir etməyi çətinləşdirib. Yəni zədələnmiş "Leopard"lar təmir və digər texniki qulluqlar üçün Ukraynanın qərbindəki xüsusi təmir briqadalarına və ya hətta Polşaya göndərilməlidirlər.

Berlində yerləşən Avropa Dayanıqlılıq Təşəbbüsü Mərkəzinin icraçı direktoru Sergey Sumlenni isə Ukraynada "Leopard 2" ilə bağlı əsas problemin onların sayının olduqca az olması ilə əlaqələndirib.

Bundan əlavə, o qeyd edib ki, "Leopard 2"lər Ukrayna döyüş meydanı üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu tanklar havadan güclü dəstək olan zaman yaxşı işləyirlər: "Lakin Ukraynada bu dəstək, çatışmır”.

Almaniya 2023-cü ildən Ukrayna Silahlı Qüvvələrinə ayırdığı hərbi yardım paketlərinə “Leopard” tankları da əlavə edir.
Elə həmin il də xarici KİV-də Ukrayna Silahlı Qüvvələrinə verilən "Leopard 2" döyüş maşınlarının əksəriyyətinin işə yaramaması barədə məqalələr dərc olunmağa başlayıb.

Hətta Rusiya Prezidenti Vladimir Putin də "Leopard"lar haqqında danışıb. O, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib ki, "Leopard”lar yanır, F-16 lar da yanacaq. Buna heç kimin şübhəsi olmasın".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tank   Döyüş   Almaniya  





Xəbər lenti