Ədəbiyyat İnstitutunda Xocalı soyqırımı qurbanları yad edilib

   Ədəbiyyat İnstitutunda Xocalı soyqırımı qurbanları yad edilib
  26 Fevral 2025    Oxunub:477
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ədəbiyyat İnstitutunun doktorant və dissertantları, həmçinin təcrübəçi tələbələr də iştirak ediblər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə institutdan bildirilib. Tədbirdə institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli 33 il əvvəl ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi qanlı faciədən, düşmənin vəhşiliyindən danışıb. Mehman Həsənli bildirib ki, həmin dövrdə yenicə müstəqilliyinə qovuşan Azərbaycanın siyasi rəhbərliyindəki hərc-mərclikdən, zəiflikdən istifadə edən ermənilər Xocalıda amansız soyqırımı törədiblər. O əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Xocalıda tökülən günahsız qanların qisasını aldı.

Daha sonra elmi katib dosent Aygün Bağırlı mövzu ilə bağlı məruzə edib, faciə qurbanlarının statistikasını bir daha yada salıb. O, Xocalı faciəsi ilə bağlı yazılmış bədii nümunələrdən danışıb. Həmçinin özünün də Ağdamda məktəbdə oxuduğu illərdə faciə qurbanlarının fəlakətlərinə şahid oluğunu bildirib.

Tədbirdə Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

AzVision.az






Teqlər:





Xəbər lenti