Xəzər Universitetində COP29-a həsr olunmuş dəyirmi masa keçirilib

Xəzər Universitetində COP29-a həsr olunmuş dəyirmi masa keçirilib
  15 Oktyabr 2024    Oxunub:358
Tədbirdə “Folklorik düşüncə və ekoloji diskurs: “Dirilik suyu axtarışı”ndan “Əbədi müəhərrik” ideyasına” mövzusunda məruzə dinlənilib

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-a həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Xəzər Universitetinin müəllimləri, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Dillər və Ədəbiyyatlar Departamentinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması və COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, qeyd olunan məsələlər bütün sahələr, o cümlədən humanitar və ictimai elmlərin də qarşısında mühüm vəzifələr müəyyənləşdirir.

Daha sonra tədbirdə “Folklorik düşüncə və ekoloji diskurs: "Dirilik suyu axtarışı"ndan “Əbədi müəhərrik" ideyasına” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edib. Folklorşünas alim əvvəlcə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un çağırışları kontekstində ölkəmizdə həyata keçirilən dövlət siyasəti və müasir dünyanın çağırışları barədə məlumat verib, “texnologiya və mental dəyərlər”, “insan-təbiət-mədəniyyət münasibətləri” haqqında geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, yaşıl dünya çağırışları təkcə yaşadığımız dünyanın fiziki materiyasını deyil, həm də mənəvi aləmini əhatə etdiyindən burada sosial stereotiplər və inanclar üzərində formalaşan mental dəyərlərə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda, “ekofolklor, ənənəvi ekoloji bilik, yaşıl dünya” və “əbədi həyat, ölümsüzlük axtarışı və enerji ehtiyacı” mövzuları ətrafında çıxış edən H.Quliyev xalq yaradıcılığında təbiətə pozitiv və neqativ münasibəti ifadə edən nümunələri diqqətə çatdırıb. İnsan-təbiət-mədəniyyət münasibətlərinə sosial-antropoloji folklorşünaslıq kontekstində yanaşmanın zəruriliyini qeyd edən alim “ekofolklor” və “ekolor” anlayışının kəsb etdiyi mənaları da xüsusi vurğulayıb.

Tədbirin sonunda H.Quliyev Xəzər Universitetinin sertifikatı ilə təltif olunub.




Teqlər:





Xəbər lenti