Aİ Moldovada və Gürcüstanda seçkilərin nəticələrini gözləyir

   Aİ Moldovada və Gürcüstanda seçkilərin nəticələrini gözləyir
  15 Oktyabr 2024    Oxunub:366
Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər nazirləri Gürcüstan və Moldovada seçkiqabağı vəziyyəti müzakirə ediblər.
AzVision.az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrell qarşıdan gələn seçkilər öncəsi bu ölkələrdə vəziyyətin fərqli olduğuna diqqət çəkib.

“Biz Moldova və Gürcüstandakı vəziyyəti müzakirə etdik. Hər iki ölkəni qarşıdakı həftələrdə həlledici seçkilər gözləyir. Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda mühüm irəliləyiş əldə edir. Moldova ilə müqayisədə Gürcüstanda mənzərə daha acınacaqlıdır. Hakim partiyanın hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Aİ-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmdən xəbər verir. Buna görə də Aİ-yə üzvlük prosesi de-fakto dayandırılıb”, - Gürcüstan nediası Borreldən sitat gətirir.

Avropalı məmur qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinin nəticələrini gözləmək lazımdır. Onun fikrincə, bu, Gürcüstanın demokratiyası və Aİ-yə üzvlük yolu üçün həlledici sınaq olacaq.

Bu arada, 2020-ci il fevralın 1-dən Aİ sıralarını tərk etmiş Böyük Britaniya Gürcüstan hökumətinin siyasətinə etiraz olaraq rəsmi Tbilisi ilə müdafiə sahəsində danışıqları ləğv edib.

- Britaniya tərəfi son 10 ildə ilk dəfə olaraq illik Yüksək Səviyyəli Uordrob nazirlər dialoqunu dondurmaq qərarına gəlib. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib. Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.

Kollektiv Qərbin müttəfiqi rolunda çıxış edən Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkəni Rusiya hökumətinin idarə etdiyini vurğulayaraq, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərini artıq indidən saxtalaşdırmaqda günahlandırıb.

Zurabişvilinin fikrincə, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası Rusiyadakı kimi qütbləşmə və hədə-qorxu taktikası əsasında təbliğat kampaniyası aparır. O, həmçinin hakim partiyanı dövlət qulluqçularına səs verməyə təzyiq göstərməkdə, müxalifət fəallarına hücumların təşkilində, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib.

“Bu, sıradan bir seçki yox, daha çox Avropa gələcəyi ilə Rusiya keçmişi arasında seçimdir”, - Gürcüstan hökumətinə müxalif mövqe tutan ölkə prezidenti Salome Zurabişvili iddia edib.

Qeyd edək ki, prezidentin hökumətin icazəsi olmadan xaricə səfərləri zamanı hakimiyyət haqqında tənqidləri və qalmaqallı bəyanatlar səsləndirməsindən sonra hakim partiya onun impiçmenti təşəbbüsü ilə çıxış etməyə cəhd göstərib.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Zurabişvili ilə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası arasında münasibətlər onun sərt şəkildə tənqid etdiyi xarici agentlər haqqında qanunun qəbulu fonunda daha da pisləşib.

Zurabişvilinin iddiasına görə, hakim siyasi qüvvənin hərəkətləri Gürcüstanın Avro-Atlantik istəklərinə ziddir. Hakim partiyanın deputatları, öz növbəsində, dəfələrlə bildiriblər ki, Qərbin maraqlarından çıxış edən Gürcüstan prezidenti radikal müxalifəti dəstəkləyir və ölkə daxilindəki “xarici agent”dir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Gürcüstan   Moldova  





Xəbər lenti