"Yaşıl enerji" də qaradır: Sonumuzla bağlı yeni nəzəriyyə

// Sivilizasiyaları enerjinin "rəngi" yox, getdikcə artması məhv edir

 "Yaşıl enerji" də qaradır:  Sonumuzla  bağlı yeni nəzəriyyə
  09 Oktyabr 2024    Oxunub:519
"Kainatda Yer kürəsindən kənar sivilizasiyalar mövcuddursa, niyə onlara aid hansısa işarəyə rast gəlmirik?" Gecələr ulduzlarla dolu səmaya baxanda, yəqin ki, çoxumuz bu haqda fikirləşirik. 1950-ci ildə italiya əsilli amerikalı fizik Enriko Fermi (1901-1954) həmkarları ilə naharda ikən bu sualın üzərində dayanaraq elmə yeni bir anlayış qazandırmışdı: öz adı ilə "Fermi paradoksu". Fermi soruşurdu: Yerdən kənarda həyat varsa, "Hamı (yəni yadplanetlilər) haradadır?"
Bu maraqlı paradoksu necə çözələyə, "hamını necə tapa" bilərik? Fikirləşdikcə zehnimizdə iki sadə fərziyyə doğur:
- Yerdənkənar bu, ya digər sivilizasiya mövcuddur, amma gizlidir. Odur ki Yer kürəsi ilə əlaqə qurmurlar;
- Yerdənkənar sivilizasiyalar inkişafının müəyyən mərhələsində məhv olur.


İkinci fərziyyəni araşdıran alimlər yadplanetlərin məhvinə gətirib çıxan müxtəlif səbəblər irəli sürürlər. Son dövrdə isə Yer kürəsini də bürüyən bir problemin üzərində dayanırlar: iqlim dəyişikliyi.

(İtalyan mənşəli ABŞ fiziki Enriko Fermi)

Dünyamızda XIX əsrin ikinci yarısında başlayan böyük sənaye inqilabından bəri enerji istehlakı həndəsi silsilə ilə artmaqdadır. Təkcə 2023-cü ildə yer üzündə 180 min teravatt/saat enerji istehsal və istehlak olunub ki, bu, Yer kürəsinin Günəşdən cəmi 1 saniyədə aldığı enerjiyə bərabərdir.

Florida Texnologiya İnstitutunun fizika və kosmik elmlər üzrə dosenti Manasvi Linqamın rəhbərliyindəki elmi qrupun gəldiyi qənaətə görə, iqlim dəyişikliyi kainatdakı hər bir sivilizasiyanın təbii "taleyidir". Qrupun tədqiqatının nəticələri göstərir ki, əgər bəşəriyyət növbəti miniliikdə külli miqdarda enerji yaratmağa davam edərsə, bu enerji Yer kürəsindəki həyat şəraitini sıradan çıxaracaq. Alimlər, eyni zamanda, diqqətə çatdırırlar ki, termodinamikanın ikinci qanununa əsasən, yaradılan enerji, onsuz da, bütövlükdə səmərəli xərclənməyəcək. Bu faktı belə bir bənzətmə ilə əyani göstərə bilərik: deyək, otaqda işıqlandırma üçün çıraq yandırılır, lakin o öz vəzifəsindən çox otağı dayanmadan istiləşdirir, yəni enerjisini səmərəsiz xərcləyir.

(Florida Texnologiya İnstitutunun fizika və kosmik elmlər üzrə dosenti Manasvi Linqam)

"Beləliklə, başa düşürük ki, iqlim dəyişikliyinin əsas amili istixana qazı deyil, enerjinin özüdür. Günəş panellərindən, külək turbinlərindən, hər şeydən sızan səmərəsiz enerji Yer kürəsini qızdırır. Daha çox enerji daha çox yanmağa bərabərdir", - Linqam vurğulayır.

İnsan hələ daş dövründə ilk dəfə odu kəşf edib yandıranda artıq təbiətə mənfi təsir göstərmişdi, ancaq bu təsir xüsusilə 200 ildir ki kütləvi enerji istehsal və istehlakı ilə özünün, yəqin ki, pik nöqtəsinə çatıb. Bu, iqlimə, təbiətə elə böyük zərbə vurur ki, "sıfır emissiya", "yaşıl istehlak" kimi tədbirlər köməyə gəlmir.

"Məhz bu səbəbdən yerdənkənar varlıqlardan siqnal almırıq, çünki hamısı öz sivilizasiyalarının ən güclü çağında məhv olublar. Yer kürəsində də həyatın formalaşması yüz milyonlarla ilə başa gəlib. İnsan min illər ərzində yalnız ibtidai həyat şəraitində yaşayıb. İnkişafa isə yalnız son əsrlərdə çatmışıq. Bizdən sonra isə, görünür, dünyanın bir neçə əsr ömrü qalıb", - Manasvi Linqam deyir.

Onun sözlərinə görə, yeganə çarəmiz - enerji istehsalını, texnoloji inkişafı dayandırmaqdır:

"Sadə evlərdə məhdud imkanlarla yaşamaq, öz yetişdirdiyini yemək. Mobil telefonsuz, internetsiz, təyyarəsiz - qədimdəki kimi. Bəlkə də, bir çox yadplanetli belə həyat şəraitini seçdiyi, texnoloji avadanlıqlar işlətmədiyi üçün onlardan siqnal almırıq".

Firudin Həmidli
AzVision.az


Teqlər: kainat   enerji   iqlim  





Xəbər lenti