Kilsə Ermənistanı məhvə aparır | Ədalət Verdiyevin yazısı

   Kilsə Ermənistanı məhvə aparır    | Ədalət Verdiyevin yazısı
  10 May 2024    Oxunub:910
Ermənistanın ən böyük bədbəxtçiliyi ondan ibarətdir ki, başına dəyən "Dəmir Yumruq"dan, məruz qaldığı canlı qüvvə, texnika, silah və ərazi itkilərindən 4 il ötsə də, doğru nəticə çıxarmır. Çoxları hətta sarsıdıcı məğlubiyyət faktlarını da qəbul etmirlər.
Tutaq ki, Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edən bir dəstə keşiş maksimum nəticəyə nail oldu (mən buna inanmıram, sadəcə, bəzi isti başları soyutmaq üçün misal çəkirəm), Nikol devrildi, hakimiyyətə heç bir ölkənin, xüsusilə də Azərbaycan və Türkiyənin qəbul etmədiyi yeni bir Varçapet gəldi, delimitasiya və demarkasiya prosesi də dayandı. Yəni parabeyin apostol kilsəsinin və “Qarabağ klanı”nın istədiyi oldu. Bəs sonra nə olacaq?

Azərbaycanın bu prosesləri kənardan tamaşaçı kimi izləyəcəyini düşünənlər dərindən səhv edirlər. Əgər proseslər Ermənistanla əldə olunan razılaşmaların yerinə yetirilməsinə bircə damcı mənfi təsir göstərəcəksə, o zaman Ali Baş Komandanımız sərhəd məsələsinin həllini Şahin Mustafayevdən alıb Hikmət Mirzəyevə, Elçin Quliyevə, Münasib Babayevə və Mais Barxudarova həvalə edəcək.
Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı

Nəticədə fərari Ermənistan ordusunun qalan heyət və texnikaları da darmadağın olunacaq, Zəngəzur dəhlizi erkən açılacaq, tarixi torpaqlarımızın, o cümlədən Qazaxın 7 kəndi ilə yanaşı, Kərkinin məsələsi bir-iki gündə həllini tapacaq. Demarkasiyanı isə Azərbaycan tarixi ədalətə əsaslanan ərazidən, amma birtərəfli qaydada həyata keçirəcək.

Yəni Azərbaycanın itirəcəyi heç nə yoxdur. Amma Ermənistanda kütlə ayaqlanıb kilsənin fətvasına gedəcəksə, bu ssenariyə hazır olsun. Fərarilər diyarında kimsə düşünməsin ki, Azərbaycan mediası "Ermənistan silahlanır" və ya "Keşişlər ilə revanşistlər etiraz aksiyaları keçirirlər" kimi xəbərlər paylaşanda biz nədənsə ehtiyat etdiyimizi önə çıxarmağa çalışırıq. Biz qorxmuruq, sadəcə, xəbərdarlıq edirk ki, sabah Ermənistan cəzalananda kimsə bizə dil uzada bilməsin.

Azərbaycan sadəcə toqquşma, eskalasiya və müharibə istəmir, qan tökülməsindən maksimum yayınır, amma istənilən ssenariyə daim hazırdır. Amma Paşinyana qarşı çıxış edən kilsə-revanşist qruplaşması Bakının humanist mövqeyindən sui-istifadəyə cəhd göstərsə, qəhrəman Əsgərimiz Nikolun gecə də əlindən yerə qoymadığı saxta xəritəni real ölçülərinə maksimum yaxınlaşdıracaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti