Fransada deputatlar Makronu istefaya çağırırlar

   Fransada deputatlar Makronu istefaya çağırırlar
  05 Sentyabr 2024    Oxunub:959
Fransada iki aya yaxındır ki boş qalan Baş nazir postuna yeni təyinat məsələsinin dalana dirənməsi ölkədə Prezident Emmanuel Makrona qarşı narazılığı artırır.
"France Info" radio şəbəkəsinin məlumatına görə, solçu Yeni Xalq Cəbhəsi blokunun 81 deputatı Emmanuel Makronun istefa verib hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnamə imzalayıb. Onların etirazına səbəb Fransa liderinin ölkəyə Baş naziri parlament seçkilərində qalib gələn blokun nümayəndələri arasından seçməkdən imtinasıdır.

"Avropa İttifaqının heç bir ölkəsində belə bir imtinanın analoqu yoxdur. Hökumət qurmaq qalib gələn partiyanın öhdəliyidir", - deputatlar bildirirlər.

Xatırladaq ki, Fransada iyulda keçirilmiş parlament seçkilərində 25.81% səs toplayan və parlamentdə 180 mandat qazanan solçu Yeni Xalq Cəbhəsi qalib gəlib. Makronçu "Respublika naminə Birlikdə" koalisiyası isə cəmi 159 mandat ala bilib. Seçkidə qalib gəlməsi gözlənən ifrat sağçı Milli Birlik Partiyası isə "yarış"ı üçüncülüklə başa vurub və parlamentdə 143 deputatla iştirak hüququ qazanıb.

Həmin günlərdə ölkəyə yeni Baş nazirin "həftə ərzində müəyyənləşəcəyi" diqqətə çatdırılsa da, hazırda bu vəzifəni səlahiyyəti başa çatmış Qabriel Attal müvəqqəti yerinə yetirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   prezident   istefa   tələb  





Xəbər lenti