Regionlarda təhsil işçilərinin sentyabr konfransları keçirilib

   Regionlarda təhsil işçilərinin sentyabr konfransları keçirilib
  05 Sentyabr 2024    Oxunub:1764
Sentyabrın 5-də Gəncə-Daşkəsən, Şəki-Zaqatala və Mərkəzi Aran regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən danışıb.



Daha sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində ARTİ tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.



Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı məktəbəqədər və məktəbəhazırlıq mərhələlərinin vacibliyi, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi, sertifikatlaşdırmanın imtahan mərhələsi, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə məlumat verib. Çıxışının sonunda müdir müavini növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb



Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də konfransda çıxış edib və yeni tədris ili münasibətilə iştirakçılara uğurlar arzulayıb.

Sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova hesabat təqdim edib.

Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı IV və VI siniflər üzrə monitorinqin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, olimpiada və respublika səviyyəli müsabiqələrin nəticələri, həmçinin növbəti tədris ili üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov təhsil sahəsində aparılan islahat və nailiyyətlərdən söz açıb. Ölkə ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında danışan E.Nəsibov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qarşıdan gələn Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev isə sözügedən regionda olan şagirdlərin müxtəlif fənlər üzrə göstəriciləri barədə məlumat verib. Fuad Qarayev çıxışında şagirdlərimizin beynəlxalq müsabiqələrdəki uğurlarına da toxunub.

Sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib.

Daha sonra konfrans iştirakçılarının fikirləri dinlənilib, sualları cavablandırılıb.


Teqlər:





Xəbər lenti