Paşinyan təhlükəli oynayır | Tatyana Poloskovanın yazısı

   Paşinyan təhlükəli oynayır    | Tatyana Poloskovanın yazısı
  06 Aprel 2024    Oxunub:1799
Tatyana Poloskova,
Siyasi elmlər doktoru,
Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri
AzVision.az üçün

Ermənistan rəhbərliyi xarici siyasətdə prioritet kimi Qərbə yaxınlaşma yolunu tutaraq, Avropa İttifaqına qoşulmaq niyyətini dilə gətirir. Ölkənin xarici işlər naziri Armen Mirzoyan vurğulayır ki, Aİ, eləcə də ABŞ demokratik islahatlar çərçivəsində Ermənistanı dəstəkləyirlər.
Bu məqamda xatırladaq ki, Türkiyə 1999-cu ildən bəri Aİ üzvlüyünə namizəddir. Paşinyan və ətrafı belə bir namizədlik ehtimalını ölkəni iqtisadi böhrandan çıxarmaq, silah probleminə çarə tapmaq və humanitar yardım alaraq narazı əhalini sakitləşdirmək üçün fürsət sayır. Əslində isə hakimiyyət sözügedən yardımın böyük hissəsini mənimsəyəcək və xalqa heç nə çatmayacaq.

Doğrudur, Türkiyə NATO üzvüdür, ancaq Ermənistanın əsas dəstəkçisi Fransanın antitürk siyasəti də aydın məsələdir. Şübhəsiz ki, Fransa bu siyasəti özbaşına həyata keçirmir; o, Qərbdəki antitürk mövqeyin yalnız icraçısıdır.

Belə bir mənzərəni nəzərə aldıqda Paşinyan və komandasının hərəkətləri başadüşüləndir: onlar Ermənistanı “Qərbin anti-Rusiya və antitürk bazarı”nda satışa çıxarıblar. Bu ticarət oyunu nə Ermənistanın xeyrinədir, nə də Cənubi Qafqazda sülh naminə faydalıdır. Paşinyan sadəcə özü üçün rahat gələcək və şəxsi toxunulmazlığına zəmanət axtarır.

Hər halda, oyun təhlükəlidir və Cənubi Qafqazda gərginlik yaradır. Paşinyan gec-tez həm Türkiyə, həm də Azərbaycanla razılığa gəlməyə məcburdur. Azərbaycanla sülh müqaviləsi bağlamamaq üçün əl atdığı kələklər nəticəsiz qalacaq.

Hərçənd, Ermənistan hakimiyyəti sağlam düşüncəyə zidd davranmaqda israrlıdır. Xarici işlər naziri Armen Mirzoyan deyir ki, guya İrəvan Bakı ilə sülh sazişi imzalamaqda maraqlıdır, amma “Azərbaycanın suveren Ermənistan ərazilərinə iddiası riski var”. Mirzoyanın fikrincə, “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Türkiyənin vasitəçiliyi də yolverilməzdir, çünki Ankara və Bakının bu məsələdə mövqeləri eynidir”.

Digər tərəfdən, Rusiyanın “Şərq Vektoru” konsaltinq mərkəzinin Ermənistan ali hakimiyyətində apardığı monitorinqlərdən görünür ki, vəziyyət ürəkaçan deyil: Paşinyanın mövqeyi ölkənin siyasi elitasında tənqidlə qarşılanır.

İrəvanın Qərbə yaxınlaşması və Rusiyaya hücumlarda iştirak etməsi Moskvada da etirazlar doğurur. Erməni əsilli jurnalist Marqarita Simonyan Paşinyanı “satqın” adlandırır. Rusiyada digər bir sıra jurnalist, siyasətçi və ekspertlər də Paşinyanın ünvanına sərt ittihamlar səsləndirirlər. Baş nazirə xatırladılır ki, Rusiyada Ermənistandakından dəfələrlə çox erməni yaşayır və erməni diasporunda vəziyyət gərgindir.

Ermənistandakı siyasi elitanın əksəriyyəti əmindir ki, İrəvan Azərbaycan, Türkiyə, habelə Rusiya ilə əlaqələri qaydasına salmadan problemlərindən qurtula bilməyəcək. Onlar hakimiyyətin təkcə iqtisadi yox, siyasi mövqeyinin də dəyişdirilməsi üçün fəal addımlar atırlar. Bu çərçivədə indidən qəti söz demək çətindir, ancaq ehtimal ki, yaxın gələcəkdə yeni tendensiyalar görə bilərik.

Paşinyana qarşı narazılıq təkcə Qarabağ məsələsi ilə məhdudlaşmır. Baş nazirin əleyhdarları arasında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətini dəstəkləyənlər də var. Siyasi elitadakı pərdəarxası mübarizə hərdən ictimai məkana da sıçrayır, ictimai dairələr vasitəsilə proseslər qızışdırılır. Hər halda, aparıcı qüvvə onlar deyil. Proseslərin arxasında həqiqi gücə və ciddi qərarlara malik adamlar dayanırlar.

Ermənistanın çıxış yolu nədir? Qonşuları ilə münasibətləri yaxşılaşdırmaq. Həm Azərbaycan, həm də Türkiyə ona dostluq əli uzadır. Bəs İrəvan hakimiyyəti bu addımların mahiyyətini başa düşürmü? Paşinyan, yəqin ki, başa düşür, ancaq ölkənin taleyi onu maraqlandırmır. O, xarici siyasətdə Aİ ilə təmaslar qurmaq naminə hakimiyyətə gəlib və arzusunu həyata keçirməyə çalışır. Əslində, bu onun hüququdur, amma Qərbdə Makron kimi anti-Türkiyə və anti-Rusiya carçısı varkən, çətin ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhə töhfə verə bilsin.

Tatyana Poloskova,
Siyasi elmlər doktoru,
Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri
AzVision.az üçün


Teqlər: Ermənistan   Qərb   Paşinyan  





Xəbər lenti