"Ana olan şagird dərsə gəlmədiyi üçün məktəbdən xaric edilib" - AÇIQLAMA//YENİLƏNİB

 "Ana olan şagird dərsə gəlmədiyi üçün məktəbdən xaric edilib" -  AÇIQLAMA//YENİLƏNİB
  04 Mart 2024    Oxunub:1866
Sosial şəbəkələrdə Salyan rayonu Pambıqkənd orta məktəbinin uşaq dünyaya gətirdiyi deyilən 11-ci sinif şagirdi ilə bağlı Təhsil İdarəsi yeni məlumat paylaşıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, sosial şəbəkələrdə barəsində məlumat yayılan Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin şagirdi 2022-ci ildə buraxılış imtahanlarında iştirak edib və ümumi orta təhsil haqqında attestat alaraq icbari təhsilini tamamlayıb:

"Sonradan şagirdin valideyni övladının 10-cu sinifdə təhsilini davam etdirməsi ilə bağlı məktəbə müraciət edib. Lakin ötən müddət ərzində şagirdin dərsə davamiyyəti olmadığı üçün bu barədə valideyninə dəfələrlə məlumat verilsə də, nəticə əldə edilməyib. Bu səbəbdən 2022–2023-cü tədris ilində şagird 10-cu sinifdə saxlanılıb.

Məktəbə davamlı olaraq gəlmədiyi üçün məktəbli Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin Pedaqoji Şurasının 30.01.2024-cü il tarixli 03 nömrəli qərarı ilə ümumi təhsil müəssisəsinin şagird kontingentindən çıxarılıb.

Qeyd edək ki, şagirdin hamilə olması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və məsələ ilə bağlı araşdırma aparılır".

***
Salyanda Pambıqkənd tam orta məktəbində 9-cu sinif qız şagirdi nişanlanmayıb. Ailələr arasında bu barədə söhbət olub.

Bunu AzVision.az-a açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova deyib.

O qeyd edib ki, məsələ ictimailəşəndən sonra ailələr nişan qərarından çəkiniblər.
"Hazırda həmin qız məktəbdə təhsilinə davam edir, oğlan isə Qarabağda işləyir".

Məktəbin 11-ci sinif şagirdinin uşaq dünyaya gətirməsi məsələsinə gəlincə isə S.Səmədova bildirib ki, o, Salyandan köçüb və hazırda Şirvan şəhərində yaşayır:
"Həmin məktəbli qız dərslərə davam etmədiyinə görə ona qaib yazılıb və sinifdə qalıb. Hazırda məsələ Prokurorluq tərəfindən araşdırılır".

Şirvan-Salyan Regional Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, Pambıqkənd kənd tam orta məktəbin azyaşlı şagirdinin erkən nigaha cəlb olunması barədə sosial şəbəkələrdə məlumat yayılan kimi məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb.

"Azyaşlı şagirdin erkən nigaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və diğər aidiyyəti qurumlara məlumat verilib".

***
Salyan rayon Pambıqkənd tam orta məktəbində yetkinlik yaşına çatmayan qızların erkən nikaha sövq edilməsi məsələsi icra başçısı Sevindik Hətəmovun birbaşa nəzarətindədir.

Bu barədə AzVision.az -a açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin Aparacı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova deyib. O qeyd edib ki, icra hakimiyyəti ötən gündən yayılan məsələdən xəbərdardır və hazırda araşdırma aparılır:

"Pambıqkənd məktəbinin iki qız şagirdinin erkən nikaha cəlb edildiyi qeyd edilir. Onlardan birinin 10-cu sinif şagirdi olduğu və nişanlandığını deyilir. Digəri isə 11-ci sinif şagirdidir, uşaq dünyaya gətirib. İcra başçısının yanından çıxıb, həmin kəndə gedirəm. Mənimlə bərabər Daxili İşlər Nazirliyinin əməkdaşı və yerli təhsil şöbəsindən nümayəndə gedir. Araşdırmadan sonra ətraflı məlumat veriləcək".

Qeyd edək ki, dünən Salyan rayon Pambıqkənd tam orta məktəbində 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi məlumatı yayılıb . Qeyd edilir ki, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti