Bu gün Novruzun ilk çərşənbəsidir

   Bu gün Novruzun ilk çərşənbəsidir
  27 Fevral 2024    Oxunub:747
Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir.
Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarixboyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir.

AzVision.az AZƏRTAC- a istinadən AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Su çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “gözəl çərşənbə”, “Gül çərşənbə” kimi də tanınır.

Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaradıblar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır. Yaradılışın əsası olan 4 ünsürdən (Su, Od, Yel, Torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini su vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın ənənəsidir.

Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, Su çərşənbəsində gün çıxmamış su üstündən atlanar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Bəzi bölgələrdə, xüsusilə də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində gənclər “sulaşma” mərasimini də icra edirlər. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin üzərinə ataraq “bayramınız mübarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz, suyun onları paklaşdırdığını bildiyindən, cavabında “aydınlığa çıxasınız” deyərlər. Sonra hər kəs “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək, suyun üstündən atlanar. Bəzən də niyyət edib, suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş ya azuqə qablarına qoyulur və ya evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət-bacaya, evin astanasına və künclərinə çiləyib “il boyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə, həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Xəstələrə yeni gətirilmiş çərşənbə suyundan içirdib, tez sağalması üçün yarasına həmin sudan çiləyərlər. Körpə uşaqların əl-üzünü çərşənbə suyu ilə yuyaraq, sudan onlara da içirdərlər. Suyun bir hissəsini də kənd yerlərində mal-qaranın üzərinə, əkin yerinə də çiləyərlər ki, məhsul bol olsun, evin ruzi-bərəkəti artsın. Çərşənbə suyundan qorxanların da başından biraz töküb qorxuluğunu alarlar.

Su çərşənbəsi ilə bağlı su falları da var. Bunlar aşağıdakılardır:

Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.

Üzüklə su falı üçün bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin köçəcək deyirlər.

İynə ilə su falına iki iynə, bir kasa və biraz pambıqla baxılır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin arxa tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın, digərini o qızın istəklisi olan oğlanın adına niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə, iynələr müxtəlif tərəflərə hərəkət etsə də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

Bəzək əşyaları ilə su falı üçün üzük, sırğa, sancaq, qolbaq kimi əşyalar və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır. Məsələn, vəsfi-hal söyləyən qadın belə bayatılar deyir:

Su gəlir, dolur çarxa,

Tökülür bizim arxa.

Burda bir yar sevmişəm,

Qardaşdan qorxa-qorxa.

Göydə ulduz olaydım,

Xoşbəxt bir qız olaydım.

Yar qapını döyəndə

Evdə yalqız olaydım.

Söylənən vəsfi-hal (bayatı) sudan çıxan bəzək əşyasının sahibinə aid edilərək yozulur. Bəxtinə yaxşı söz çıxan adam ürəyində tutduğu niyyətinə çatacağına inanır.

Azərbaycanda martın 5-də Od çərşənbəsi, martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Su çərşənbəniz mübarək!
AzVision.az


Teqlər:





Xəbər lenti