Sən nə ƏKmisən, ƏKrəm?

Sən nə ƏKmisən, ƏKrəm?
  03 Fevral 2013    Oxunub:3871
Bəli, Əkrəm Əylisli böyük yazıçıdır. Bəli, onun Azərbaycan ədəbiyyatında öz dəst-xətti, öz yeri var. Və biz bəziləri kimi “Daha Əkrəm Əylisli öldü”, “Bu xalqın Əkrəm Əylisli adında yazıçısı yoxdur” və digər belə sözlər demək fikrindən də uzağıq. Əkrəm Əylisli olub, var və olacaq. Sadəcə, məsələ ondadır ki, buna qədər biz onun varlığı ilə fəxr edirdiksə, bundan sonra edə bilməyəcəyik. Yadımıza düşəndə sevinmək yerinə, hüznlənəcəyik.
Buna qədər biz “Yaxşı ki, Azərbaycan ədəbiyyatında Əkrəm Əylisli kimi imza var” deyirdiksə, bundan sonra “Axı o, niyə belə elədi?” deyəcəyik. Əkrəm Əylisliyə qəzəblənmək, protest eləmək, söymək lazım deyil. Bunlar hamısı yersiz və boş görünür. Sadəcə, kədərlənmək lazımdır. “Bu, nə iş idi oldu?”,- deyə…
Başlayaq ondan ki, bu roman ümumiyyətlə, nə haqdadır? Əsas xətt belədir ki, əsərdə Qarabağ münaqişəsinin təzə qızışdığı, azərbaycanlıların Ermənistandan, ermənilərin isə Azərbaycandan köçməyə başladığı dövr fabula kimi götürülərək, iki xalqın təmsilçiləri qarşılaşdırılır və üstünlük ermənilərə verilir. Belə göstərilir ki, ordan köçüb gələn azərbaycanlılar heyvərə, kobud və yaramaz, buradan köçüb gedən ermənilər isə xeyirxah və məzlum imişlər. Və həmin o xeyirxah, məzlum ermənilər XX əsrin həm əvvəllərində, həm də sonlarında türklər tərəfindən əzilib, qırılıblar. Özü də həm Osmanlı, həm də Azərbaycan türkləri tərəfindən. Romanın dördüncü bölümün epiqrafı belədir: “Əgər hər bir öldürülmüş erməniyə bir şam yandırılsaydı, onların işığı Ayın işığından daha parlaq olardı”.
Açığı, təkcə bu cümlə bəs edir ki, bu romanın bir erməni tərəfindən yazıldığını düşünəsən. Axı bir azərbaycanlı hansı ağılla, hansı ürəklə bunu yazar və yazmalıdır? Amma məsələ tək bununla da bitmir. Romanın bəzi yerlərində elə fikirlər var ki, sanki erməni yazarlarının sırf təbliğat məqsədilə yazıb dünyada yaydıqları əsərlərindən götürülüb. Məsələn, Əylis kəndində ermənilərin necə öldürülməsi belə təsvir olunur:
“Camaat deyilən yerdə yığışandan sonra türk əsgərləri erməniləri müsəlmanlardan ayırıb, “atəş!” əmri verdilər və hər tərəfdən ermənilərin üstünə güllə yağışı yağdı. Çoxu yerindəcə öldü, sağ qalanların isə ya xəncərlə başını kəsdilər, ya da süngüylə sinəsini deşdilər. Kimin cəsədini basdırmaq mümkün idisə, elə həyətdə və bağda xəndək qazaraq basdırdılar, mümkün olmayanları isə tövləyə, anbara yığıb, yandırdılar. Həmin gün evdən çıxmağa ürək eləməyən müsəlman qadınları sonralar deyirdilər ki, bir həftə arxlardan qanlı su axmışdı”.
Romanda yazılanların nə dərəcədə həqiqət olub-olmaması hələ bir yana dursun. Bu, ona görə dəhşətlidir ki, həmin illərdə İrəvanda, Naxçıvanda, Şamaxıda, Bakıda, Qubada azərbaycanlılara qarşı törədilən qırğınların haqqında heç bir erməni yazıçısı bir kəlmə də yazmayıb, yəqin ki, heç vaxt da yazmayacaq. Əgər “Xalqlar dostluğu”ndan söhbət gedirsə, bu, mütləq qarşılıqlı olmalıdır axı. Amma burada hər şey birtərəflidir: erməni yazıçıları nə yazırlarsa, Əkrəm Əylisli də onu yazıb, həm də onlardan daha yaxşı. Çünki konkret bu halda acı da olsa, etiraf etməliyik: ermənilərdə Əkrəm Əylisli kimi yazıçı yoxdur. Amma nə edəsən, bizim yazıçı istedadını onu yetirən xalqa qarşa çevirərək, romanında belə süjet qurur ki, azərbaycanlılar təkcə əsrin əvvəlində yox, elə axırında da vəhşi olublar: “...Bunu yerazlar elədilər... Beş-altı yeraz oğlan var idi... Bu qaçqın köpəkuşağı heç kimə hörmət qoymurlar, doktor. Nə artist bilirlər, nə şair, nə yazıçı. Kiməsə erməni de – vəssalam, ayaqlarının altına salıb, vəhşi kimi tapdalayacaqlar. Tikə-tikə eləyəcəklər, heç kim əllərindən ala da bilməyəcək”.
Bakıda ermənilərin necə incidilməsini isə Əkrəm Əylisli belə təsvir edir: “Ermənini əvvəlcə hovuza atmışdılar, buz kimi suyun içinə. O, qoca adamdı, çıxmaq istəyirdi. Cavan oğlanlar isə hovuzun qırağında dayanıb onu ölənəcən təpiklədilər”.
Bu isə başqa bir sitat: “Metroda bir neçə azərbaycanlı qadın 14-15 yaşlı erməni qızın üstünə atılaraq, yüzlərlə insanın gözü qabağında zavallıya divan tutmuşdular. Bundan bir neçə gün sonra isə hansısa degenerat şair xəstəxanaya soxulub, kardiologiya şöbəsində 40 il işləyən həkimi döyüb qovmuşdu. Sadəcə buna görə ki, o yazıq dünyaya erməni gəlib”.
Bütün bunlar o deməkdir ki, cənab Əylisli erməni təbliğat maşınına gözəl bir hədiyyə verib. Göydəndüşmə bir hədiyyə. Azərbaycana isə təbliğat müharibəsində elə bir zərbə vurub ki, ağrısı hələ çox uzun müddət hiss olunacaq.
Əsas sual odur ki, bu roman nə üçün, kimə nəyi başa salmaq məqsədilə yazılıb? Cənab Əylisli biz azərbaycanlılara ermənilərdən pis olduğumuzumu başa salmaq istəyir? Yoxsa bizə ermənilərin məzlum olduğunu və əlimizdən zülm çəkdiklərini anladır?.. Ermənilərin törətdiyi soyqırımlarını və Xocalını yaşayan xalqa qarşı bunu etmək ən azından qəribə və anlaşılmazdır.
Bəlkə əksinə, ermənilərə başa salmaq istəyir ki, onlar məzlum, azərbaycanlılar vəhşidirlər? Axı bunu ermənilər onsuz da Əkrəmsiz belə, hər gün yüz dəfə deyirlər.
Onda məqsəd nə ola bilər?.. Erməni təbliğatına güclü bir arqument vermək?.. Axı bu, elə bir mövzudur ki, sadəcə “yazmaq istədim və yazdım” deməklə olmur... Və təbii ki, Əkrəm Əylisli bunu başa düşəcək qədər ağıllı adamdır. Bəs elə isə bunu niyə eləyib? Bu yolla siyasi incikliyinin əvəzinimi çıxır? Yoxsa “Orhan Pamuk sindromu”na yoluxub və Nobel almaq istəyir?
Onun özü hər iki versiyanı rədd edərək, əsəri 2006-cı ildə, yəni hələ deputat olduğu vaxtda yazdığını desə də, açığı, bu, inandırıcı deyil. Güman ki, yazıçı özünə alibi qazanmaq üçün bilərəkdən saatı geri fırladır. Ya bəlkə Əkrəm Əylisli orijinal görünmək və axına qarşı üzmək istəyib? Axı onun yazıçı təbiətində bu, var idi... Fəqət, şair Rüstəm Behrudinin sözlərilə desək, axına qarşı ancaq təmiz suda üzmək insana üstünlük gətirə bilər, çirkab içində üzmək isə bir iş deyil.
Motivindən asılı olmayaraq, əgər Əkrəm Əylisli bunu sifarişlə etməyibsə, yəqin ki, ən azından öz daxilində səhv etdiyini anlayacaq. Və başa düşəcək ki, onun bu əkdiyi göyərəndə xalqına necə problemlər yaradasıdır. Onda şübhəsiz, bu sualı da mütləq özünə verəcək ki, “Sən nə ƏKmisən, ƏKrəm?”

Vüsal Məmmədov


Teqlər:  





Xəbər lenti