Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada iştirak edənlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasına baxmayaraq, bu məsələyə beynəlxalq birliyin laqeyd yanaşmasından narahatlıqlarını ifadə ediblər.
Aksiyada Xocalı soyqırımına beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli qiymət verilməsi ilə bağlı şüarlar səsləndirilib. Aksiya zamanı xüsusi olaraq vurğulanıb ki, insan hüquqlarının qorunmasını özünün ali məqsədləri sırasına daxil edən beynəlxalq təşkilatların bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulmasına münasibət bildirməməsi anlaşılan deyil.
Avropada yaşayan soydaşlarımız Azərbaycanın dünya birliyinə inteqrasiya yolu tutduğunu, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqətlə yanaşdığını qeyd ediblər. Soydaşlarımız Avropa Parlamentinin rəsmi şəxslərinin Azərbaycanla bağlı söylədiyi fikirlərə də öz etirazlarını bildiriblər. Bildirilib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynasa da, nədənsə qitə dövlətləri Azərbaycanın qarşılaşdığı problemlərə biganə qalmaqda davam edir.
Aksiyada Azərbaycanın demokratiya və hüquqi dövlət quruculuğu yolunu seçdiyini ifadə edən şüarlar da səsləndirilib. Bundan başqa, soydaşlarımız, Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu və başqalarının verdiyi dərslərə ehtiyac duymadığını xüsusi olaraq vurğulayıblar.
Aksiyanın sonunda qəbul edilmiş bəyanatda qeyd olunub ki, son illər müstəqil Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanıb: "Bütün bunların nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan bir dövlət, demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir".
Bəyanatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımızın dinclik və təhlükəsizlik şəraitində yaşaması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, regionda sülhün bərqərar edilməsinin yeganə və alternativsiz yoludur.
Bəyanat müəllifləri Azərbaycannın əldə etdiyi bütün nailiyyətləri yüksək qiymətləndirərək, ölkənin milli maraqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Aksiya dinc şəraitdə keçib və heç bir insident qeydə alınmayıb.