Məmmədyarov Hindistanın dövlət naziri ilə görüşüb
Həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son statusu barəsində qonağa məlumat verən nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bəyan edib.
İkitərəfli iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayan tərəflər investisiya qoyuluşu, informasiya texnologiyaları, enerji, kənd təsərrüfatı, tikinti, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd ediblər. Bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət qiymətləndiriblər.
Həmçinin Hindistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tranzit imkanlarından faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd edilib və layihə üzrə Əlaqələndirici Şuranın iclaslarının əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin “Asiyanın Qəlbi”-İstanbul Prosesinin regional dövlətlər arasında dialoqun gücləndirilməsi və etimadın qurulması baxımından əhəmiyyətli platforma olduğunu qeyd olunub.
AzVision.az
Teqlər: XİN