Çavuşoğlu İlham Əliyevin qəbulunda: Qarabağdan danışıldı (Yenilənib)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu bir ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı keçirilən mərasimlərdə iştiraklarını xatırladı və bu tədbirdən Türkiyənin qürur duyduğunu vurğuladı. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirəcəyi böyük layihələrin, o cümlədən TANAP layihəsinin önəmini qeyd etdi. Mövlud Çavuşoğlu iki dövlət başçısının liderliyi sayəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Qonaq Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatda həyata keçirilən iş birliyinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, bölgədə sabitliyin və iqtisadi inkişafın genişləndirilməsinə xidmət etdiyini dedi.
Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Azərbaycanda keçirilməsinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Türkiyə XİN Çavuşoğlu