Əli Həsənovun kitabının Astanada təqdimatı keçirilib
Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrənilməsidir.
Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.
Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni “Dəmir İpək Yolu” Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır.
Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu “Elm” nəşriyyatı tərəfindən tərcümə və çap edilib.
AzVision.az
Teqlər: Əli-Həsənov Kitab Astana