Azərbaycanda sonsuz qadınların sayı iki dəfə artıb
2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb. 2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova bildirib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. O, bunun səbəbini sonsuzluğun çoxalması ilə izah edib.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7 575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146 uşağı olmayan ailədə boşanma qeydə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Lakin sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır. (Trend)
AzVision.az
Teqlər: Sonsuzluq Azərbaycan