“Futbol ölkəmizdə prioritet sahələrdən biridir” - İlham Əliyev
FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib.
FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir.
İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident