“Vitse-prezidentlik institutunun yaradılması vacib hadisədir” - Fərhad Abdullayev
“Cəmiyyətin tərəqqisi yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu əhəmiyyətli dəyərlərdən olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmlərinin geniş şəkildə təsbit edilməsi ölkə Konstitusiyasının ən mühüm nailiyyətlərindən biridir. Bu, həm də Azərbaycanın demokratiya ideallarına və bəşəri dəyərlərə sadiqliyinin göstəricisidir”.
O, qeyd edib ki, Konstitusiyanın ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib: “Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquqlar və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulub. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş siyahısı təsbit edilməklə yanaşı, həmin hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilib”.
Fərhad Abdullayev əlavə edib ki, Azərbaycanda dövlət idarəçiliyi sisteminin daha da inkişafı məqsədilə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkə konstitusiyasının preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlib. Xüsusilə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir:
“Bu institut ölkənin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkənin qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir. Konstitusiyanın mətninə edilən bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür”.
AzVision.az
Teqlər: Konstitusiya-Məhkəməsi