Konstitusiya Məhkəməsinin sədri: "İndiyədək 363 qərar qəbul edilib"
“Dünya birliyi Azərbaycanı sivil, tolerant, demokratik və açıq cəmiyyətə malik olan bir dövlət kimi tanıyır. Azərbaycan dövləti ümumbəşəri və multikultural dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq əzmini daim nümayiş etdirir. Bu gün sabitlikdən məhrum edilmiş dünyada əyani şahid olduğumuz bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın adları ilə bağlıdır”.
O, qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu fəaliyyət göstərdiyi illər ərzində ümumilikdə 363 qərar və 90 qərardad qəbul edib: “Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlarda konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.
Qarşıdan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyini qeyd edəcək. Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsi Konstitusiyanın fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail olub”.
AzVision.az
Teqlər: Konstitusiya-Məhkəməsi