BMT-nin korrupsiya əleyhinə sessiyası başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov daha öncə mətbuatda geniş işıqlandırılan Plenar iclasın açılışında çıxışı zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ölkəmizin təcrübəsi və nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkara çıxarılması ilə bağlı xüsusi iclasda çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qanunvericilik və institusional islahatlar, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə məlumat verib. Bu kateqoriyadan olan cinayətlərin istintaqı zamanı müxtəlif ölkələrin hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanaraq Baş İdarə tərəfindən fəaliyyəti təmin edilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) bu istiqamətdə əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbir müddətində bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlər çərçivəsində ölkələrimizin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının 2-ci dövri icmalının təşkili ilə bağlı məsələlər müzakirə edilib.
Konfrans müddətində korrupsiya cinayətlərinin qarşının alınması və təqibi, əmlakın bərpası, habelə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsi barədə qəbul edilən qətnamələr və digər sənədlər bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə zəmin yaradacaqdır.
AzVision.az
Teqlər: BMT Baş-Prokurorluq