“Avropa İttifaqı ilə siyasi əlaqələr uğurla inkişaf edir” - Prezident (Yenilənib)
Azərbaycan Prezidentinin Brüsselə son səfərinə toxunan Yaan Reynhold bildirdi ki, təmsil etdiyi təşkilat bu səfərə böyük önəm verir və təsadüfi deyil ki, səfərin növbəti günündə yeni saziş üzrə danışıqlara başlanılıb. O, eyni zamanda, dedi ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm əsaslara söykənir. Səfir bildirdi ki, demokratik islahatlar sahəsində Azərbaycanın əldə etdiyi inkişaf önəmlidir və Azərbaycanın dini azadlıq, tolerantlıq, mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə çox dəyərlidir. Yaan Reynhold, xüsusilə, energetika sahəsində strateji əməkdaşlığın böyük önəm daşıdığını dedi.
Dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı deyilən fikirlərə görə minnətdarlığını bildirdi. Bu ilin fevralında Brüsselə səfərinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər Şərq Tərəfdaşlığı çərçivəsində və ümumilikdə Avropa Komissiyası ilə əlaqələrin inkişafında böyük rol oynayıb. Dövlətimizin başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın təşkilata üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı dedi ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.
Prezident İlham Əliyev belə geniş tərkibdə nümayəndə heyətinin səfərini uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi və ümidvar olduğunu bildirdi ki, bu səfər nümayəndə heyətinin üzvlərinin Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olması və ölkəmiz haqqında daha çox informasiya əldə edilməsi üçün yaxşı imkan yaradacaq.
AzVision.az
Teqlər: İlham-Əliyev Aİ