Sülh Platforması Şeyx və II Qareginə müraciət edib
Eyni zamanda, Sizin qarşılıqlı əməkdaşlığınızın nəticəsidir ki, bir çox hərbi əsirlər azadlığa buraxılaraq öz vətənlərinə qayıdıb. Ümidverici bir haldır ki, 2010-cu ildə Sizin qarşılıqlı əməkdaşlığınız nəticəsində Bakıda yerləşən Müqəddəs Maarifləndirici Qriqori kilsəsində ayin keçirilib. Bu və buna bənzər hallar bir daha onu göstərir ki, erməni və Azərbaycan xalqları arasında sülhü bərqərar etmək mümkündür. Məhz bu səbəbdən də Sizin hər iki xalq üzərində olan mənəvi nüfuzunuz qarşı tərəfləri daim sülhə dəvət etməli və bütün sülhquruculuğu təşəbbüslərinə dəstək olmalıdır".
Müraciətdə bildirilir ki, son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına olan bütün ümidləri məhv etməli idi, lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər:
"6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir.
30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. Qurultay iştirakçıları adından Sizə müraciət edərək, bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulması üçün sülh təşəbbüslərimizə dəstək verməyinizi xahiş edirik”.
AzVision.az
Teqlər: Ermənistan Azərbaycan Sülh-Platforması