Ərdoğanın məktubu Naxçıvanda oxundu
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək edib. Ali Məclisin sədri bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
"Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da faydalı əməkdaşlıq əlaqələri qurulub. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı böyük məmnunluq doğurur. Bu günlərdə qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilib. Bu qərarı əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək qiymətləndirirəm. Qardaş Türkiyə Respublikasını Cümhuriyyət bayramı münasibətilə bir daha təbrik edirəm. Qardaş Türkiyə xalqına rifah və tərəqqi arzulayıram".
Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir. Nihat Ərşən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edib, bu sahədə həyata keçirilən tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.
AzVision.az