Azərbaycanda 41 siyasi partiya ləğv oluna bilər
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Komitə sədri deyib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin haraya sərf olunması ilə bağlıdır: “Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bəzilər isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir".
Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa AzVision.az-a bildirib ki, hesabat verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir.
“Qanunun tələblərinə əməl edilməldir. Əgər tələb olunursa, deməli, hesabat vermək lazımdır. Biz hesabat veririk. Digər siyasi partiyalar da maliyyə hesabatını təqdim etməlidir. Bu, qanunun tələbidir. Hesabat verməyənlər məsuliyyət daşıyır. Hesabat verməyən siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Partiya