Ailənin tək oğlu ön cəbhəyə aparılmasın? - Deputat təklif irəli sürdü
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı AzVision.az-a bildirib ki, bir oğul övladının ön cəbhədə hərbi xidmət keçməsi məsələsi həmişə müzakirə olunub.
Z.Oruc əlavə edib ki, əvvəllər də bu məsələlərdən danışarkən, ailənin tək uşaqlarına xüsusi yanaşılmasını istəmişdik: “Bunun özəl səbəbləri var. Onların tamamilə hərbi xidmətə aparılmamasını da qəbul edə bilmərik. Çünki burada reallıq fərqlidir. Azərbaycanda ailə planlaşdırılması daha çox 1 qız və 1 oğuldan ibarət olur. Belə olan halda tək oğulları hərbi xidmətə çağırmamaqdan söhbət getməli deyil. Həmin şəxslərin dislokasiya üzrə birbaşa döyüş bölgələrinə deyil, bir qədər arxa cəbhəyə yerləşdirilməsi daha yaxşı olardı. Ön cəbhədə olan halda onların ailəsi gələcək davamçısını itirə bilər”.
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan dövləti ailəni və onların gələcəyini qorumaqda maraqlıdır: “Bizim üçün təhlükəsizliyin əsası məhz insanlar və onların övladlarının gələcəyini təmin etməsidir. Bununla bağlı parlamentdə əlahiddə qanunun qəbul edilməsinə ehtiyac duymuram. Azərbaycanın müvafiq orqanları da bu məsələdə həssaslığı nəzərə alırlar. Müharibə şəraitində, səfərbərlik elan olunacağı dövrdə, hər kəs kimi evin tək oğulları da cəbhənin istənilən bir bölgəsində vətəni qorumalıdırlar. Amma hazırki şəraitdə onların ikinci və ya üçüncü dislokasiya yelərində olması daha məqsədəuyğun olar”.
Qeyd edək ki, deputat Zahid Oruc bundan öncə də mövzu ilə bağlı təkliflər irəli sürüb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Zahid-Oruc