Komitə qaçqınların aksiya xəbərini yalanladı
“Əvvəla qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlərin Masazırda salınmış yeni qəsəbələrə köçürülməsini nəzərdə tutan siyahı müvafiq qaydalara uyğun olaraq hələ bir neçə il bundan əvvəl məskunlaşma və işğal rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin, məcburi köçkünlərin nümayəndələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya üzvlərinin birlikdə iştirakı ilə hazırlanıb. O zaman məsələ dəfələrlə araşdırılıb, aparılan ardıcıl dəqiqləşdirmələrdən sonra buraya köçürüləcək məcburi köçkünlərin adlı siyahıları, ailə tərkibləri müəyyənləşdirilib”.
“Dövlətqaçqınkom” bəyan edib ki, köçürmə prosesi isə hər yerdə olduğu kimi, burada da məcburi köçkün icmalarının, müvafiq rayon İH nümayəndələrinin də daxil edildiyi “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən püşkatma yolu ilə həyata keçirilir. “Dövlətqaçqınkom” yeni mənzillərə köçürülmədə «problemlərlə üzləşən», müxtəlif vaxtlardakı siyahıyalma proseslərində, hətta qeydiyyatda olsalar belə, illərlə faktiki olaraq orada yaşamadıqlarından mənzil almaq üçün növbəyə düşməyən, indisə nə yolla olur olsun mənzil almaq üçün dəridən-qabıqdan çıxan bəzi məcburi köçkünlərin şər-böhtan xarakterli fikirlərinin əsas gətürülərək mətbuat səhifəsinə çıxarılmasından təəssüflənir.
”Təbiidir ki, yeni mənzil almaq hüququ olub-olmamasına, yeni salınmış məhəllə və qəsəbələrə kimlərin köçürülməsinin nəzərdə tutulub-tutulmamasına baxmayaraq, bütün məcburi köçkünlər hər cür şəraiti olan istər bu məhəllədə, istərsə də digər ərazilərdə tikilmiş yaraşıqlı və müasir tipli evlərdən mənzil almaq istəyindədirlər və onlar bu istəklərinə çatmaq üçün hər cür yola əl atmaqdan belə, çəkinmirlər. “Dövlətqaçqınkom”un köçürmə komissiyasının təcrübəsində belə hallar çox olub və müxtəlif ərazilərdə salınmış qəsəbələrdən mənzil almaq hüququ olmayanların bu cür «cəfakeşlərinin» şər-böhtan dolu iftiraları heç vaxt heç nəyə yaramayıb. Ona görə də bir daha təkrar etməyi özümüzə borc bilirik ki, digər ərazilərdə olduğu kimi, Masazırdakı mənzillər də təyinatı üzrə inşa edilib və buraya 1993-cü ildən ADNA-nın yataqxanalarında faktiki yaşayan məcburi köçkünlər köçürülürlər.
Bunu adıçəkilən yazıda Zəngilan rayonundan olan və özlərinin şər-böhtan dolu qarayaxmaları ilə həqiqətdən uzaq düşən, bu qəsəbələrdəki şəraitdən daha çox yararlanan, lakin haqqı-ədaləti tapdalayaraq daha çox qamarlamağa çalışan Təranə və Yeganə Əliyeva bacıları da yaxşı bilirlər. «Dövlətdən onlar üçün tikilən evləri istəyən» bu bacılar umduqlarını əldə etdikdən sonra iştahaları daha da artmış, bütün nəsil-nəcabətləri üçün buradan mənzil almaqdan ötrü hər cür iftiralara əl atmaqdan belə çəkinməmişlər. Bütün bunların fonunda haqlı bir sual doğur: görəsən, qəzetə açıqlamasında «20 ildir bu ağır şəraitə dözüb yaşamışıq. Daha dözə bilmirik» deyə özünəməxsus şəkildə həşir qoparan Təranə Əliyeva şəhid ailəsi olduğundan müstəsna hal kimi 4 nəfəlik ailə üzvü ilə yeni qəsəbədə 3 otaqlı mənzillə təmin olunmasına baxmayaraq, indi nə istəyir? Niyə köçüb rahat mənzilində yaşamaq əvəzinə bir ağacda oturub min bir budaq silkələyir?”
“Dövlətqaçqınkom” bildirib ki, Təranə Əliyeva kimiləri də, onun şər-böhtan dolu fikirlərini qəzet səhifələrinə çıxaran yazı müəllifləri də bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər, xüsusilə onlara mənzillərin paylanılması kimi daha vacib önəm daşıyan bir məsələ birbaşa “Dövlətqaçqınkom”un rəhbərliyinin gündəlik nəzarətində olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz.
”Görülən işlərin üzərinə kölgə salmaq, şəxsi mənafe naminə heç bir fakta, həqiqətə söykənməyərək kimlərinsə diqtəsi ilə ağa qara demək, heç təsəvvürləri belə olmayan bu cür ciddi məsələni müvafiq qurumlarla araşdırıb dəqiqləşdirmədən sensasiya xatirinə mətbuat səhifələrinə çıxarmaq, bununla da çaşqınlıq yaratmaq istəyənlər heç olmasa öz vicdanları qarşısında cavab verməlidirlər”.
Şahanə RƏHİMLİ