Patterson: "Bakı sammiti qısa zamanda mükəmməl təşkil edib"

   Patterson:    "Bakı sammiti qısa zamanda mükəmməl təşkil edib"
  16 Noyabr 2024    Oxunub:293
“Britaniyanın Baş naziri Kir Starmerin COP29 çərçivəsində Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir”.
Bu sözləri Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədri Con Patterson bildirib. Con Patterson Baş nazirin Bakıya səfərini yüksək qiymətləndirib:

“Baş nazir Kir Starmerin Azərbaycana gəlməsi böyük əhəmiyyət kəsb edir. O, Böyük Britaniyanın emissiya hədəfləri barədə çox açıq şəkildə danışdı. Bu, həm Böyük Britaniya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini, həm də bu əməkdaşlığın davamlı inkişafını göstərir”, - deyə o, qeyd edib.

C. Patterson vurğulayıb ki, Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl texnologiyalara və təcrübəyə malikdir. O qeyd edib ki, Azərbaycanın günəş enerjisi potensialı çox böyükdür və bu sahədə Britaniya şirkətləri texnoloji həllər təqdim edərək Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə dəstək ola bilər:

“Azərbaycan günəşli ölkədir və günəş enerjisindən istifadə çox əlverişlidir. Bundan başqa, hidroenerji potensialı da yüksəkdir. Britaniya şirkətləri bu sahələrdə lazımi dəstəyi göstərə bilərlər”.

O deyib ki, artıq COP29 çərçivəsində Böyük Britaniya və Azərbaycan şirkətləri arasında bir sıra razılaşmalar imzalanıb. Con Patterson həmçinin COP29-un Azərbaycan üçün böyük uğur olduğunu vurğulayıb:

“Sammit çox qısa zaman ərzində mükəmməl təşkil edilib. Bu, Azərbaycan üçün qürurverici bir göstəricidir”,- deyə qeyd edib.

Britaniya-Azərbaycan Ticarət Palatasının həmsədri əlavə edib ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm tədbirlər keçirilir. O, Azərbaycanın bərpa olunan enerji potensialını inkişaf etdirmək üçün böyük imkanlara malik olduğunu və bu istiqamətdə Böyük Britaniyanın dəstəyinin mühüm rol oynayacağını vurğulayıb.(Azərtac)
AzVision.az



Teqlər:





Xəbər lenti