Süni qiymət artımının qarşısını necə almalı?

Süni qiymət artımının qarşısını necə almalı?
  13 Yanvar 2016    Oxunub:4354
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında süni qiymət artımı ilə bağlı sərt tapşırıqlar verib. Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhd edirlər, bu baxımdan istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır.

Prezident süni qiymət artımının qarşısını almaq üçün aidiyyatı qurumlara və prokurorluq orqanlarına ciddi tapşırıqlar verilib.

“O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”-deyə ölkə başçısı qeyd edib.

Süni qiymət artıranlara qarşı mübarizə necə aparılmalıdır?

İqtisadçı Samir Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, ölkədə süni qiymət artımının qarşısını almaq üçün hökumət iqtisadi metodlardan istifadə etməlidir.

Ekspert hesab edir ki, ilk olaraq Dövlət Gömrük Komitəsində olan inhisarçılıq aradan qalxmalıdır: “Bu istiqamətdə müəyyən addımların atıldığı deyilir. Hər bir şəxs istədiyi məhsulu problemsiz ölkəyə gətirməlidir. Bu, vacib məsələdir. Hökumət strateji məhsulların idxalı ilə bağlı gömrük rüsumlarını azaltmalı, bəzilərini isə dondurmalıdır. Bundan əlavə bir sıra məhsulların xammalının idxalına tətbiq edilən gömrük rüsumu aradan qaldırıla bilər. Həmçinin yerli istehsalın gücləndirilməsinə də dəstək olmaq lazımdır”.



İqtisadçının sözlərinə görə, bəzi işbazlar manatın ucuzlaşmasından istifadə edərək qiymətləri bir neçə dəfə qaldırmağa çalışır: “Onların qarşısı alınmalıdır. Bəzi yerlədə yerli məhsulun qiymətini yüz faiz qaldırırlar. Bu, düzgün deyil. Məlumdur ki, xaricdən gətirilən xammalın qiymətinə uyğun artım olmalıdır. Dövlət qurumları ciddi yoxlamalar aparmalıdır. Süni qiymət artıranlar müəyyən edilməli və onlara qarşı cəzalar tətbiq edilməlidir. Əks halda sahibkarlıq, biznes mühiti daha da pisləşə bilər”.

Hüquqşünas Mahmud Hacıyev hesab edir ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi və Maliyyə Nazirliyi süni bahalaşmanın aradan qaldırılması üçün birgə kompleks tədbirlər planı hazırlamalıdır: “Köhnə qiymətlərlə alınan məhsullar köhnə qiymətə də satılmalıdır. Yeni qiymətlərlə məhsul alanlar, dəyişiklik edə bilər. Amma, anbarda olan köhnə məhsullar insanlara baha qiymətə satılır. Bu hallar müəyyən edilməlidir.



Hüquq-mühafizə orqanları ilə birgə həmin sahibkarlara qarşı sivil formada mübarizə aparılmalıdır. Kompleks şəkildə tədbirlər görülməli və hər gün nəzarət olunmalıdır. Bu yolla qiymət artımının qismət qarşını alma olar”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qeyd edib ki, hazırda süni qiymət artıranlara qarşı sərt cəza tədbirləri görülür və bu proses davamlı olacaq.

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehlak bazarına nəzarət daha da gücləndirilib. Süni qiymət artımına və manatın kursunun dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hazırda bazara nəzarət daha da gücləndirilib”.



Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov da süni bahalaşma ilə bağlı ciddi tədbirlərin görülməlisinin vacib olduğunu deyib.

“Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları və İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir.



Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq”-deyə YAP rəsmisi vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti