ABŞ BMT-nin maliyyələşdirilməsini dayandıra bilər

ABŞ BMT-nin maliyyələşdirilməsini dayandıra bilər
  07 May 2024    Oxunub:1683
Fələstinin BMT-yə üzvlüyünə dair qətnamə qəbul olunarsa, Vaşinqton təşkilatın bütün qurumlarının maliyyələşdirilməsini dayandıra bilər.
Bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb. Amerikanın BMT-dəki daimi nümayəndəliyinin nümayəndəsi və kommunikasiyalar üzrə direktoru Neyt Evans öz növbəsində bildirib ki, Vaşinqton Fələstin dövlətinin tanınması yolunun birbaşa danışıqlardan keçməli olduğu mövqeyində qalır.

“Biz Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnamədən xəbərdarıq. Fələstinlilərin hazırda BMT Nizamnaməsində göstərilən meyarlara cavab verib-verməməsi ilə bağlı suallar açıq qalır. Biz beynəlxalq hüququn müəyyən subyektlərinə üstünlüklər təmin etmək üçün hər hansı səylərdən narahat olduğumuzu bir daha bildiririk”.

Amerika qanunlarına görə, Vaşinqton dövlətçiliyi beynəlxalq səviyyədə tanınmayan quruma üzvlük verən heç bir BMT agentliyini maliyyələşdirə bilməz. Belə ki, 2011-ci ildə Fələstin YUNESKO-ya üzv olduqdan sonra ABŞ bu quruma vəsait ayrılmasını dayandırıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə vurğulayıb: “Ümid edirəm ki, qətnamə qəbul olunacağı təqdirdə Birləşmiş Ştatlar ölkə qanunlarına uyğun olaraq BMT və onun bütün qurumlarının maliyyələşdirilməsini tamamilə dayandıracaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti