Tavuşun agent keşişinin son çırpınışları

 Tavuşun agent keşişinin son çırpınışları
  08 May 2024    Oxunub:1624
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Lakin aksiyalar polisin güc tətbiq etməsi ilə dağıdılır.
Etirazların cərəyan etdiyi əsas mərkəz Kirants kəndidir. Bu kənddə ermənilərin tanınmış din xadimlərindən olan Tavuş yeparxiyasının radikal yepiskopu Baqrat Qalstanyanın fəallığı diqqət çəkir. O hətta İrəvana doğru yürüş də təşkil edir. Baqrat haqqında hakimiyyət nümayəndələri müxtəlif ifşaedici məlumatlar yayır, onu ələ salırlar. Məsələn, hakim "Mülki Müqavilə" partiyasının deputatı Qaqik Melkonyan keşişin Rusiya agenti olduğunu iddia edib.

İnqilabçı yepiskop agent çıxdı - Erməni keşişlər KQB-yə işləyirlər
Bu gün isə yepiskop bir sıra sərsəm fikirlər səsləndirib. Revanşist jurnalistlərdən biri "Artsax" (Separatçıların Qarabağa verdikləri qondarma ad-red.) səhifəsinin bağlanmaması üçün nə etmək lazımdır?" sualını verib.

Radikal yepiskop "əqidə və inamla mübarizə aparmalıyıq” deyib. O, hərbi və siyasi xadimlərin bəzi bəyanatlarına da toxunub: “Bu adamlar istədiklərini söyləyir, yalan danışır və öz yalanlarına inanmağa başlayırlar”.

Jurnalistlər keşişin başlatdığı hərəkatın növbəti planlarına dair suallar da veriblər. Tavuş yeparxiyasının rəhbəri “Bu, təbii şəkildə doğulan və təbii sonu olacaq bir hərəkatdir. Onun mərhələ-mərhələ həyata keçirilən konkret gündəliyi var. Sabah nə olacaq? Sabah mən sağ olmaya bilərəm. İndi sizinlə burada dayanmışam və yürüşün mənzil başına çatandan sonra danışarıq. Səbirli olun" deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Keşiş   Yürüş  





Xəbər lenti