Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun məruzələri və anım tədbirində iştirak edəcək qonaqların çıxışları dinlənilib.
Qeyd olunub ki, ölkəmizin tərəqqisi naminə gördüyü böyük işlərə görə hər bir vətənsevər azərbaycanlının qəlbində möhtəşəm abidə ucaltmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bugünkü müasir, qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı olan Ulu Öndər Heydər Əliyev qədirbilən insanlar, o cümlədən zabit, gizir və əsgərlər arasında da həmişə dərin hörmət və ehtiramla anılır.
Müasir Azərbaycan tarixinin təxminən son 40 ili böyük öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider həm keçmiş Sovetlər İttifaqı dövründə, həm də müstəqillik illərində ölkəmizin tərəqqisi üçün böyük işlər görüb.
Ümummilli Liderin rəhbərlik etdiyi 1993-2003-cü illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Azərbaycanın istər daxili, istərsə də, xarici siyasətlə bağlı strateji xətti müəyyənləşdirildi. O illərdə müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul edildi, siyasi sistem möhkəmləndirildi və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradıldı. Mahiyyət etibarilə həmin illər ərzində görülmüş işlər ölkəmizin hazırkı uğurlu inkişafını müəyyənləşdirdi.
Bildirilib ki, dövlətimizin və müstəqilliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir silah və texnika ilə silahlanıb, yüksək təchizata malikdir, yüksək intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturudur. Böyük öndərin formalaşdırdığı və onun yaratdığı zəmin üzərində inkişaf etmiş Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşlərdə nümayiş etdirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imzalamağa məcbur etdi. Bütün işğal altında olan ərazilərimiz Ermənistanın hərbi qüvvələrindən təmizləndi.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Hərbi vətənpərvərlik musiqiləri səsləndirilib.
AzVision.az