Şuşa türməsində yaşanan dəhşətlər - `Mamlyuk Cəbrayıl`ın hekayəti

Şuşa türməsində yaşanan dəhşətlər - `Mamlyuk Cəbrayıl`ın hekayəti
  22 Avqust 2015    Oxunub:56322
Bəhram Çələbi
AzVision.az üçün

(Ardı. Əvvəli burada)

..."Pupkar"lar iki-iki, üç-üç bizi xatalara paylamağa başladılar. Qaranlıq, nəm, soyuq dəhlizlərlə irəliləyib ikinci mərtəbədəki 31-ci kameraya gəldik. On dörd nəfərlik yarıqaranlıq kamerada 22 nəfər məhbus lövbər salmışdı. İçəri girəndə bir düjin məhbus gözlərini bizə zilləyərək, birlikdə yaşayacağımız həyatin acı sevinclərini kiminlə bölüşəcəklərini öyrənməyə çalışırdılar.

Bir neçə nəfər hay-haraya baxmayaraq sakit-sakit yuxulayırdı. `Voronok`da içalatım silkələnə-silkələnə gəldiyimdən tamam əldən düşmüşdüm. Bir stəkan çay içmək, üzüqoylu uzanıb dincəlmək istəyirdim. Təzə, xoruzquyruğu çayı tezcə təşkil elədilər, amma mənə yatmaq müyəssər olmadı. Sorğu-sual başladı. Maştağadan, Buzovnadan, Ağdaşdan, Ağdamdan uşaqlar vardı.

Hamıdan çox sual verən özünü deyəsən, kameranın "vojak"ı hesab edən Şamxorlu Musa idi. Sonralardan öyrəndim ki, özü Qazax rayonundan olsa da, sonradan ailəlikcə Şamxora köçüb, konyak zavodunda rəhbərlikdə işləyən qohumu ilə birlikdə yaşayırmış. "OBXS"-dən (SƏDM – Sosialist Əmlakını Dağıdanlarla Mübarizə şöbəsi) yoxlama gəlib və iki "kusok" (iki yüz min) istəyiblər, bunlarsa Bakıdakı day-daylarına arxalanaraq milis işçilərini "uzağa" göndəriblər. Sən demə, elə həmin gün paytaxtdakı böyükləri kreslodan yıxılıbmış, bunların isə bu işdən xəbərləri olmayıb. Yeyintinİn hamısını Musa boynuna götürərək, bibisi nəvəsini aradan çıxarmışdı. Musa oturur, bibisi nəvəsi isə konyak zavodunun hesabına Şuşaya yaxşı "qrev" göndərirdi.

Türmə də belə yerdir ki, pulun oldu şahsan, olmadı nökər. Bir azcıq çimir eləmişdim ki, qulağıma kartın xışıltısı dəydi. Yavaşca şkonkadan düşüb sallağı oturanların başı üstündən baxmağa başladım. Göyçaydan arıq, hündür boylu oğlan vardı, Namiq adinda. Azartlı oyunların çoxunun incəliklərini bilən qumarbaz idi. Əlinin, barmaqlarının hərəkətindən bilinirdi ki, artıq dən düşmüş saçlarını bu yolda ağardıb. Nərdi ümumiyyətlə zor oynayırdı. Qoşalayırdı zərləri, istədiyi xalı atırdı. Adını "dörd çahar" qoymuşdular.



Bir qədər baxdıqdan sonra kartlardakı nişangahları öyrənib onlara qoşuldum. Otuz manat vurub oyundan çıxdım. Çünki bizdəki qumarın sonunda həmişə dava-haray qopur, söyüşmə, vuruşma başlanır.
Ağdamdakı zonda da belə idi. Qumarın axırında mütləq dava-mərəkə qopur, yumruq, şülə, bəzən, hətta, bıçaq da işə düşürdü. Baxmayaraq ki, hətta nərddə “bacaran oynasın”, "oyunçu aparsın" deyib qarşı-qarşıya əyləşirlər, az sonra uduzan bir bəhanə tapıb cığallamağa başlayır. Oyun əndazədən çıxırdı. Ağdamda əgər Rasim Masazırski olmasaydı, hər gün bir-iki nəfərin qanı axardı.

Rasimdən söz düşəndə rəhmətliyin zonda olan hörmətindən danışmamaq mümkün deyil. Dustaqların hamısı onun etimadını qazanmaq istəyirdilər. Böyük “ponyatka”sı olmasına baxmayaraq pulpərəst, var-dövlət toplamağa həvəs göstərən deyildi. Əksinə, demək olar ki, hər gün görüşünə gələnlərlə səmimi danışsa da, əlbəəl onlardan pul götürməzdi. Onun xasiyyətinə bələd olduqlarından dost-tanışları pulu birbaşa obşaka ötürərdilər.

Bir dəfə eşitdik ki, rəhmətlik Dilavər onun görüşünə gəlib... Bir neçə saat söhbət elədilər. Axşam hamı pıçıltı ilə danışırdı ki, Dilavər obşaka otuz min pul, xeyli tapılmayan dərman yardımı edib. Zonda oturanların əksəriyyəti vərəmli idi. Rasim istəsəydi pulun yarısını götürə bilərdi. Arama o, gözünün ucu ilə də baxmadı pula, "hamısına dərman, siqaret, çay alın" dedi.

Mənim ilk vaxtlar oturduğum kamerada babat pulu olan Şamxorski ilə Göyçaylı Namiq idilər. Atamanlığı hələlik bu iki nəfər üzərlərinə götürmüşdülər. Təxminən bir aya yaxın 31-ci kamerada oturdum. Şkonkada uzanıb yatır, başıma gələn fəlakəti unutmağa çalışırdım.

Bir gün "blandyor" Şamxorskiyə təzə bir sırıqlı gətirdi. Daha doğrusu, əynindəki sırıqlı ilə, onun vatnikini dəyişdi. Sırıqlıda on iki min manat pul tikilmişdi. Həmişə otuz-qırx manat vurub kənara çəkilən mən bu gecə qaydanı pozdum. Həmin gecə səhərə qədər üç ədəd şamın işığında kart oynadıq. Şamxorskinin pullarının dörd minini mən, ikisini də göyçaylı balası qapazladıq. Yatağıma girib təzəcə uzanmışdım ki, Şamxorski gəlib tumboçkanın böyründə diz çökdü, yalvarmağa, sızlamağa başladı.

– Mamlyuk, bu pullan bibim nəvəsi türmədən qurtarmağımçün göndərib, – dedi. – Səndən bir təvəqqe eləyim, o pulları qaytar, on gündən sonra beş min verim. Borc istəyirəm... Borc. On günlüyə. Dolabı açıb dəstə ilə qoyduğum pullan qaytardım.

Bir həftə sonra eşitdik ki, sabah Şamxorski çıxır türmədən. Amma mənim bildiyimə görə hələ İl yarımı qalırdı...

Yerə-göyə sığmırdı Şamxorski. Həmin gün böyük bir ziyafət təşkil eləmişdi. Ancaq mənimlə olan haqq-hesabdan bircə kəlmə də danışmırdı. Bala-bala vururduq konyakdan, tortla zakuska eləyirdik. Adətən hər bir saatdan şaqqıldayan kormuşkanı ziyafətin axırınadək açan olmadı. Yəqin "ment"lər üçün də alayı bir ziyafət düzəldilmişdi.



"Şirniyyat stolu" yığışıb çay gələndə Şamxorski Göy-çaylıya yanaşıb:
– Səniynən vidalaşmamışdan əvvəl bir nərd vuraq? – soruşdu. – Ancaq, gözübağlı oynayacaqsan. Borcumdan. Uduzsam ikiqatına alırsan, udsam – səniynən rasşot, – dedi.

Göyçaylının gözünü dəsmalla bağladılar. Oyun başladı. Xanələrdəki daşların sayını, hansının boş, hansının dolu olduğunu bir an belə fikirləşmədən sadalayırdı Göyçaylı... Birinci konda cəmisı iki xanə ilə doqquz daş çıxıb, oyunu apardı. İkinci konda mars yapışdırdı. Doğrudan da fenomen oyunçu idi Namiq.

Axşam Şamxorskiyə bir təzə paltar gəldi. Məşədi İbadı hamama aparan sayaq bir dəstə məhbusla iki saat çimib odekalonlandıqdan sonra qayıtdı.
– Neyçün gülürsən, Cəbrayil əmi, ürəyini buz kimi saxla üç günə. O məsələ... – dedi.
– İki günə, iki. Axı ön gün çıxmışdı ağzından,– deyərək, sözünü yarımçıq kəsdim.
Göyçaylı balası da yanımda oturmuşdu, kinayə ilə gülümsəyir, barmaqları arasında tutduğu zərləri fırladaraq dəmir stolun üstündə hər dəfə dörd çahar atırdı. O, heç səsini çıxarmadı.

İki gün sonra "balandyor" nahar yeməyini gətirəndə tələsik xalatının altından geydiyi sırıqlını çıxarıb içəri tulladı, dərindən nəfəs alıb yanında dayanmış nəzarətçiyə göz vurdu. Xaşikyan (nəzarətçini hamı belə çağırırdı) da bütün bunları görmürmüş kimi üzünü tez yana çevirərək:
– Gətirin miskilərinizi (qablarınızı), bu dəfə qovyadina da salıblar balandaya, – deyərək, ucadan güldü.
Şamxorski borcunu vaxtında çatdırmışdı.

Bir ay sonra Novxanılı Əliqərdəşin qardaşının oturduğu 8 nəfərlik kameraya dəyişdirdim yerimi.

Mən həyatımın yarıdan çoxunu karserlərdə, BUR-da, paylama məntəqələrində, zonlarda keçirmişdim. Şuşa türməsi kimi qəliz qazamatda oturmamışdım. 60 dərəcəlik şaxtalı Yakutiyada, Mirnidə, İndigirkada donmamışdım, üşüməmişdim, burada ilin doqquz aymı titrədirdim soyuqdan. Müharibədən sonrakı aclıq illərində Belomorkanal tikintisi zamanı qarnımın qurultusundan buradakı kimi əziyyət çəkməmişdim.
31-ci kamera 14 nəfərlik idisə də, ilk vaxtlar 22 məhbus doldurmuşdular oraya. Növbə ilə yatırdıq.

Hələ voronokdan düşüb içəri girəndə başlanan şmonda əyriburun erməni nəzarətçilərin gözlərİnin parlamasından hiss etdim ki, ömrümün ən qara günləri indi başlanır.
Qoca bir ağdaşlı kişinin köynəyinin yaxasından tutub irəli dartdılar.
– Soyun! Tapança, bıçaq, beşbarmaq, almaz, vintaçan, biz... nəyin varsa çıxar, pulu da stolun üstünə qoy. Əgər özün verməsən, mən tapsam iti döyən qədər çırpacam, – qışqıran starşina Ohan onun qulağından yapışdı, – töküşdür stolun üstünə, demədim!?

Şmonşiklər çox təcrübəli idilər. Məhbusun sifətinə, duruşuna, gözlərini döyməsinə baxan kimi kimin təzəcə düşdüyünü, kimin hətta neçə dəfə "srok motat" elədiyini hiss edirdilər. Ağdaşlı alt tumanının içində cib tikib olan-qalan yüzlüyünü dörd qatlayaraq orada gizlətmişdi.
– Bir yüzlüyüm var. Xırda olsaydı iyirmi beşini sənə verərdim, – deyib döyükərək bizə baxdı. Yəqin kimsə ona anlatmışdı ki, şmon vaxtı nəzarətçinin ağzına bir şey atmasan özünlə içəri heç nə keçirdə bilməyəcəksən...



Ohan özü barmaqlarını içəri soxub mahir "şipaç" kimi yüzlüyü çıxardı, dönüb sevincindən ağzı qulaqlarının dibinə getmiş ment yoldaşına:
– Vazgen, siyirtmədən bir əllilik çıxart, bu qocaya verginən. Qanacaqlı, dünyagörmüş kişiyə oxşayır,– deyib, irişdi, – O birisi yarısını türmədən çıxdığın gün qaytaracaqlar...Çalış özünü yaxşı apar, döyülməkdən ölməyəsən. Keç, bu tərəfdə dayan,– stolun üstünə tökülən mayka, krujka və miskanı bir-birinə qarışdıraraq necə gəldi parçadan tikilmiş zənbilin içinə dürtüşdürdü, üstündən iki paçka Gürcüstan çayını atmaq istərkən bağlama açıldı və quru çayın yarısı stolun üstünə, yarısı da zənbilin içinə töküldü.

Ohan çayın anasını söyüb bizə tərəf çevrildi.
– Sən gəl bura, ara... – deyib, barmağını üzünü sarı tük basmış oğlana tuşladı. – Ara, sən Patsan deyilsən. Ara, heç bir il degil buradan buraxıldığın, yenə gəlmisən? Soyun, tumanım da çıxartginən. Ayakkabıların hanı? Əyil! Ara, əyil demirəm? – əli ilə oğlanın boynundan tutub zorla aşağı əydi – Vazgen, ara, gəl bunun “zadnıy karman"ına bax, gör heç nə gizlətməyib. Yoxdur? Ara, elə şey ola bilməz. Onda ayakkabılarının dabanlarına baxmaq lazımdır, – nəzarətçinin ona uzatdığı şişburun çəkmələrin dabanlarını diqqətlə nəzərdən keçirdi, barmaqlarını içəri soxdu. – Vax..., vax..., vax... nə isə tixayıflar, atverkanı mənə gətir, Vazgen.

Xeyli qurdalandıqdan sonra qap-qara pambıq parçası çıxarıb eşələməyə başladı, iki balaca bükülü tapıb açdı.
– Ara, indi də opium (tiryək) piləyirsən?... keç, keç bu tərəfə... İndi rəisə “dolojit” eləyərəm, baxarıq halına.
Növbə mənə çatanda irəli gəlib familiyamı dedim, hansı maddə ilə oturacağımı söylədim.

– Nə? Hansı maddə? 226? Soyun! Ara! Sən bundan əvvəl Sibirdə oturmusan? – gözlərini geniş açaraq üzümə zillədi. – Lazım deyil, soyunma, yığışdır şmotkalarını...

Az sonra boksun Patsanını apardıqları tərəfdən çığırtı, ah-nalə səsləri ucaldı. Bədənə dəyən rezin şlanq zərbələrinin səsi qışqırıqdan daha bərk səslənirdi. On dəqiqəlik müddətdə şmon dayandı. Patsanı sürüyə-sürüyə yanımıza gətirib küncə söykədilər. Ağız-burnundan axan qan sinəsinə tökülürdü.
– Dayan, erməni dığası, buradan çıxanda sənin var – yox...
O, mızıldayıb, divar boyu sürüşərək beton döşəmədə oturdu...



Ağdamlı Rüfətin şalvarının balağından iki yerə bölünmüş lezviya tapdılar. Onu da şil-küt eləyib gətirdilər "strijka"ya.

Mən bu vaxta qədər bəlkə də buna fikir verməmişdim. Əslində başda tük saxlamaq ona görə qadağan idi ki, bit, gənə, müxtəlif həşəratlar basmasın kameranı... Amma indi hiss etdim ki, məhbus başını qırxdırdıqdan sonra onun üzündəki müttəhimlik, yazıqlıq, həyata nifrət, cinayətkarlıq nişanələri qat-qat artır. Doğrudan da sonralar bu işə – "strijka"ya daha çox fikir verirdim. Saçını dibdən qırxdıran müttəhim məhkəmə zalında cinayətkar olmasa belə, hakim və “kivallar”da (ancaq hakimin dediklərini təsdiq edən xalq nümayəndələri, sağ və sol oturuşçular) da təqsirkar ovqatı yaradır.

Türmədə hər şey sanki insaniyyətliyin əksinə işləyir. "Strijka"dan sonra bizi pasportxanaya, fas və anfasdan şəkil götürməyə apardılar. Fotoda hətta sən öz-özünü tanıya bilmirsən. Yaraşıqlı oğlanlar bir andaca cinayətkar, quduz, yırtıcı obrazında dayanır qarşında, şüşə kimi soyuq bəbəklər, torbalanmış göz qapaqlan, sallaq çənə, əti boşalmış sifət və iri alın...

Bu, təkcə türməyə daxil olanda çəkilən fotoda yox, azadlığa buraxılanda arayışın üstünə yapışdırılan şəkildə də özünü göstərir. Nə cür ürəyiyumşaq, artıq islah olunmuş, başı əhləd daşına dəymiş çıxsan da fotoda hələ fikirləri üstündə olmayan adam təsiri bağışlayacaqsan.

Xataya paylamazdan əvvəl hamam və projarkada da əsəblərimizlə xeyli oynadılar. Mən sabunlanıb təzəcə isti suyun altına girmişdim ki, duşun borusu titrədi və üstümə buxar püsgürdü. Heç vaxt söyüş söyməzdim, amma bu dəfə türmə yiyəsinin var-yoxunu qaynar suda çimizdirdim... İsti-isti bədənimin yandığını hiss etməsəm də sonradan buz kimi soyuq suyun altında tamalla dərimi sürtəndə onun soyulduğunu görüb dəhşətə gəldim. Tək mən deyil, üç nəfər də başqa dustaq həmin gün hamamdan dərisi soyulub qızardılmış balıq kimi çıxdıq.

Dezinfeksiyadan sonra ağac qabığı kimi qurumuş maykamı əynimə keçirəndə elə bildim bədənimdə yüzlərlə qarışqa gəzişir, dişləyir, sancırlar məni. Alt tumanımın iki düyməsi də yerində yox idi.

Türmədə dövlət atributu sayılan iki nəm, çirki getməmiş mələfə, balınc üzü və odeyalı qoltuğuma vurub, xataya doğru irəlilədim...


Teqlər:  





Xəbər lenti