`Orda insanlar acından quyruq çıxarırdı` - `Mamlyuk Cəbrayıl`ın dəhşətli KarLAQ hekayəsi

`Orda insanlar acından quyruq çıxarırdı` - `Mamlyuk Cəbrayıl`ın dəhşətli KarLAQ hekayəsi
  10 Avqust 2015    Oxunub:33243
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Qarşımda oturan kişinin üzündəki dərin qırışlar, gözlərindəki kin, qəzəb, nifrət və üsyan onun çox çətin həyat yolu keçdiyindən xəbər verir. Elə təkcə sadaladığı həbs düşərgələrinin adları bəs edir ki, onu Soljenitsinlə bir sıraya qoyasan. Soljenitsin həmin `Arxipelaq Qulaq`dan sonra məşhurlaşmış, dünya səviyyəli yazıçı-publisistə çevrilmiş, əcnəbi xəstəxanalarda Sovet dövlətinin acığına mükəmməl müalicə olunmuşdu.
"Mamlyuk" Cəbrayılsa belə dəhşətlərdən: od, su və keçilməsi mümkünsüz sayılan qaranlıq dünyadan sıyrılaraq qayıdandan sonra yenidən bir o qədər də əzab çəkməyə məhkum edilmişdi.


Soljenitsin "Nobel" mükafatına təqdim olunarkən "Zolotoy mujik" kimi ad qazanan Cəbrayıl Əliyev kameradakı narada uzanıb, gözlərini tavana dikərək sovet quruluşuna lənətlər yağdırırdı.

Bir çətən külfət idilər. Sovet hökuməti bir tərəfdən çoxuşaqlı ailələrin böyük xanımına "Qəhrəman ana" ordeni verir, digər tərəfdən ailənin heç nə yox, gündəlik yavan çörək tələbatı qayğısına qalmayaraq “iri addımlarla ” sosializm quruculuğuna doğru "gedirdi"...

Həbs olunarkən evlərində 7 qardaş idilər. Hazırda biri də sağ deyil. Cəbrayıl Əliyev danışanda adamın Soljenitsindən oxuduqları kölgədə qalır...

O, danışanda gözlərində iki iri yaş damcısı yaranır. Onlar heç vaxt yuvarlanıb yanaqlarındakı qırışlarda yox olmur, sürüşüb yerə də düşmür. Yaş damcılarını gözlər yenidən özünə çəkir. Yanğılı bəbəklər onları buxarlandırır.

`Mamlyuk` danışanda həmişə üzünü şaxtalı təbəssüm dumanı örtür, elə duman ki, tərkibindəki su damla-damla həmsöhbətinin də üzünə toxunur, onu da üşüdür...

Bir kisə un oğurladığına görə quldur kimi 16 il həbs cəzası almış 16 yaşlı uşağın sonrakı taleyindən iki "Səfillər" qalınlığında kitab yazmaq, dörd Jan Valjan yaratmaq olar. Hər ikisinin taleyi eynidir. Fərq ondadır ki, Jan Valjanın cəza çəkdiyi məkan – yüz il əvvəlki Fransa, Cəbrayıhn 50-ci illərdə oturduğu Şimal Buzlu okeanının soyuq sularının yuduğu adalarla müqayisədə cənnəti xatırladır.

1947-ci ildə 16 yaşlı Cəbrayıl acından ağlaşan bacı-qardaşlarını sakitləşdirmək üçün bir kisə un oğurlayarkən yaxalanır. "Podelnik"i – "Ded" Ağakərim ondan iki yaş böyük idi. Və onların hər ikisinə 16 il həbs cəzası verilir. Onlardan birini Mingəçevirdəki "Detkalon"a, digərini isə birbaşa Kolımaya – Vorkutaya göndərirlər... Bir müddət sonra təkrar məhkəmə olur və "podelnik" Ağakərimin anasının yalvarışlarına, xahişinə görə Cəbrayıl bütün günahlan öz boynuna götürür... "Podelnik" məhkəməyə cırıq, pambıqlan həmin cırıqlardan pırtlayıb çıxan vatnikdə, taykeş çəkmələrdə və kəndirsiz olduğundan qulaqları sallanan papaqda gəlmişdi.

Təkrar məhkəmə Cəbrayılın cinayəti haqqında qərarını dəyişməyərək qüvvədə saxlayır və onu birbaşa Keşlədəki peresılkaya – Paylama Məntəqəsinə göndərdilər.

Böyük qardaşı Valeh onu iki dəfə, Mingəçevirdəki uşaq koloniyasında oturarkən yoluxmağa gəlmişdi. İkinci görüşə gələndə anasını və Cəbrayılın “Porsuq” adlandırdığı lap balaca qardaşını da gətirmişdi.

DOSYE:

Əliyev Cəbrayıl Abbasqulu oğlu 1931-ci il dekabrın 30-da Bakıda, Dağlı məhəlləsində anadan olub. 161 saylı məktəbdə oxuyub.

1947-ci ildə "podelniki" "Ded" Ağakərimlə bir kisə un oğurlayanda yaxalanıb və həmin cinayətə görə 16 il müddətinə həbs olunma cəzasına məhkum edilib, Mingəçevirdəki uşaq koloniyasına göndərilib.

Bir müddət sonra təkrar məhkəmədə bütün günahı öz boynuna götürüb. Keşlədə yerləşən paylama məntəqəsindən birbaşa KarLAQa, oradan Krasnoyarskdakı "reşota”ya – KitoLAQ-a, "Belomor-Kanal"a, Volqa-Dona, AnqarLAQ-a etap olunub.

Monqolustan səhralarında yol çəkilişin-də işləmiş on minlərlə "komsomolçu – könüllülərdən biri də "Mamlyuk" Cəbrayıl adlandırılan Cəbrayıl Əliyev idi. Monqolustandan Kolımaya gətirilən Cəbrayıl Əliyev "Vanin" buxtasında, Maqadan və İndigirkada 55-60 dərəcəlik şaxtalara sinə gərib. Murmansk, Xandıqa, Yakutiya düşərgələrində cəza çəkərək islah olunduqdan sonra Olyokmaya göndərilib.

1953-cü ilin payızında çıxarılan amnistiya qərarı ilə dustaqlar evlərinə buraxılsa da, Cəbra-yıl Əliyev yerdə qalan 10 illik cəzasını çəkmək üçün daha ciddi düşərgələrə etap edilib. 1953-cü ildən 1964-cü ilədək adalarda yerləşən “Mirnıy”, Verxoyansk düşərgələrində cəza çəkib.

1964-cü ildə doğma Bakıya qayıdan "Mamlyuk" Cəbrayıl "stukaç" (işverən) olmağa razılıq vermədiyinə görə şərlənərək 4 il həbs cəzasına məhkum olunub. Ağdam düşərgəsinə, oradan da Şuşa türməsinə göndərilib.
Cəzasını başa vurduqdan az müddət sonra daha bir məhkəmə hökmünü dinləməli olub. Onu 2 il müddətinə azadlıqdan məhrum ediblər.
1974-cü ildə isə yenidən Ciddi Rejimli İslah Əmək Koloniyasında islah olunmağa məhkum edilib.


Bir sözlə, üst-üstə 27 il həbsxana həyatı yaşamış Cəbrayıl Əliyev həmin günlərinin ağrılı-acılı xatirələrini Sizlərlə bölüşür.

Mamlyukun hekayəsi:

Dünyanın soyuq bucağı idi KarLAQ. Soyuqdan sallağı əyləşərək otrurmuşdum. Ətrafımda "vəhşilər" gəzişirdi. Bir tərəfimdə isə dəstə vuran dustaqlar üzündən zəhm yağan kişiyə qulaq asırdılar. Sonradan öyrəndim ki, bu "Dalstroy"un rəisi general Myasnikovdür. General "vışka”dan qurtanb 15 illiyə KarLAQa – cənnətə gəlmişdı. O, danşırdı:

– Biz 12 nəfər idik... "Güllə" kəsmişdilər bizə... Bir gecə "qalxın" əmri verildi və bizi təyyarəyə oturtdular... Bizi müşayiət edən nəzarətçilər də bilmirdilər və heç bilmək də istəmirdilər ki, haraya aparırlar zekləri. Təhvil verdim – təhvil aldım" deyən üç nəzarət dəstəsi bizi yenidən düşərgəyə gətirdi.



Minlərlə "vışka" (ölüm hökmü) alanlar işləyirdi burada.. Ayda bir kərə mükafatlandırma gecəsi təşkil olunurdu... Fəxri kürsüyə qalxanlar, yəni 180-200 faiz plan verənlər, hamının gözü qarşısında təriflənir və mükafat olaraq güllələnmənin 15 il ciddi rejimlə əvəz olunduğu elan edilirdi. Sırada dayanmış yüzlərlə dustaq onları ürəkdən alqışlayır və səhəri gündən özləri də udarniklər kimi cani-dildən işə girişirdilər. Hamı qaranlıqda görünən iynə ucu böyüklükdəki bu işığa doğru getmək istəyirdi.

Fərqlənmiş dustaqları elə orada sıraya düzür, "azadlığa doğru, marş!" komandası verirdilər.

Elə həmin gecə onları uran emal edən sobaların yanında sıraya düzərək əllərinə penisillin şüşəsi böyüklükdə qab verərək üstündəki yarlığa ad, soyad və atasının adını yazmağı xahiş edirdilər. Təəccüblə bunun nə demək olduğunu soruşanlara “analiz üçün lazımdır”,- deyirdilər. Bundan sonra isə hər iki tərəfi qalın dəmir torla işlənmiş dəhliz açıq qapıya doğru fırlanırdı. Dəhliz irəlilədikcə hava isinir, hava isindikcə isə məlum olurdu ki, uzaqdan görünən, ambrazurasından alov püskürən sobalar onları gözləyirlər...

Yanıb külə döndükdən sonra isə bayaqdan ad-soyadlarını yazdıqları balaca şüşə qablara onların külündən bir qədər qoyularaq arxivə ötürülürdü...

Sonradan aydın oldu ki, bütün bu təltif mərasimi uran mədənlərində işləyən dustaqların daha səylə çalışmaları üçün düzəldilmiş tamaşa imiş...

Düşərgəyə "vışka" almış zek dəstəsi demək olar ki, hər həftə gətirilirdi... "Bağışlama" mərasimləri isə hər ayın 21-də təşkil edilirdi. İlin son "xoşbəxt “oçko”su dekabrın 21-də (Stalinin doğum günü) "sosialist əməyi qəhrəmanları " siyahısına 150 faizlilər də düşürdü... və hamının “El atası"na rəğbəti artırdı.

Generalın dediklərinə çoxları hürkərək, ətrafa döyükə – döyükə qulaq asırdı... Heç kəs "siyasi dustaq" adı qazanmaq fikrində olmasa da, maraqla dinləyir, özlərindən daha bədbəxt insanların da olduğunu eşidəndə təskinlik tapırdılar.

Soyuqqanlılıqla "smertnik"lərin həyatından danışan generalın böyük avtoriteti vardı KarLAQda.

Onu hətta "Oğru"lar də qoruyur, hörmət edirdilər. Başqa məhbusların isə qara qəpiklik də qiyməti yox idi. Elə təkcə KarLAQ-da 6000-dən çox polnata ("Oğru") gəzib-dolaşırdı. Təxminən on minə yaxın "polyaçka" ("Oğru"dan dönmə, ssuçennıy), iki o qədər də "bosyak" vardı adada... Hər gün keçirilən – səhər, günorta, axşam yoxlamalarında yüzlərlə dustaq çatışmırdı. Aşağısı otuz dərəcə şaxtada qaçanlar uzağa gedə bilməzdilər, ya soyuqdan ölür, ya da qurd-quşa yem olurdular. Buna görə onları heç axtarmırdılar da... Hələ avqust ayından başlayan çovğun adamları aparmasın deyə, yol boyu quraşdırılmış kəndir kanatlardan tutaraq getməli idin, yoxsa səhəri meyitini sürüyüb “qardaş quyusu”na atacaqdılar.

Çox vaxt bütün uzun qışı buz qəbirdə keçirmiş cəsədin şəxsiyyəti araşdırılmırdı. Meyitləri bir-bir yığıb taqqıltı ilə “sanka"ya – xizəyə atır, bir qalaq topladıqdan sonra yandırmağa aparırdılar.

Hər gecə barakda naralara uzanan dustaqlardan bir neçəsi səhər yuxudan oyanmırdı. Yemək çatışmazlığından çoxları "quyruq" çıxarmışdı. Mən də orada olduğum müddətə kimi bu barədə bilmirdim. İlk dəfə eşidəndə hətta təəccüblənmişdim də. Sən demə, insan həddindən artıq arıqlayanda onun onurğasının aşağısında çıxıntı yaranır. KarLAQ-dakı dustaqların böyük əksəriyyəti quyruqlular idi.

Ac insanlar ağlasığmaz çox şeylərə əl atırdılar. Bir gürcü oğlan vardı, nəhəng bədənli. Bir gün acından gözləri hədəqəsindən çıxacaq tərzdə qışqırıb – bağıraraq əlindəki pişik balasının başını üzüb, dərisini gözlərim qarşısında çıxardı, içalatını bayıra atıb əlində qalan bir parça buğlanan əti dişlərinə çəkdi...

İYRƏNCLİKLƏR MƏMLƏKƏTİ

"XIeborezka"ya çörək gətirmişdilər. Daşımağa kömək edən arıq oğlan buxankaları stolun üstünə tökdükdən sonra birini götürərək gəmirdi. Bunu görən "Xleborezka"da işləyənlər onu döyməyə başladılar. İki əlli çörəkdən yapışmış dustaq bir anın içərisində stolun altına soxuldu, ancaq yanbızı bayırda qaldı. "Xleborezka"da işləyənlər onun yanbızım vəhşicəsinə təpikləyirdilər. Az sonra çörək çırpışdıran stolun altında sərildi. Onu dartıb oradan çıxartdılar. Ölməmişdi, ancaq əlindəki çörək yox olmuşdu. Bədəninə yağdırılan təpiklərə məhəl qoymadan çörəyin hamısını bir andaca həzm-rabedən keçirmişdi.

Orada kimin üzünə baxırdın, səni didməyə hazır dayanmış yırtıcı xislətli bəbirləri xatırladırdı. Kaftar kimi gözlərini tamam qıyaraq nifrətlə dodaqlarını əyir, başa düşmədiyin nə isə səs çıxararaq yumruğundan irəli uzatdığı iki barmağını gözlərinin lap yaxınına gətirir, "gözünü çıxararam, əclaf” deyərək istehza ilə gülümsəyirdilər. Bilirdim ki, kiçicik, artıq, yersiz hərəkət ölümlə nəticələnə bilər.

Adam öldürmək çəkdikləri siqareti tüpürcək qarışıq bir neçə metr kənara püfləmək kimi asan bİr iş idi onlar üçün. Gözümün qarşısında nəhəng bir oğlanın boğazına dəsmal salaraq boğmağa başladılar, nəfəsi kəsilən "müqəssir" yerə yıxılan kimi qarnına üç-dörd təpik vuraraq vəhşicəsinə onun harası gəldi döyəclədilər. Yandan ötənlər də işin hansı səbəbdən baş verməsini heç sorğu-sual etmədən yıxılanın bədəninə bir neçə təpik ilişdirirdilər. Sanki kimi isə döymək üçün əllərinə fiirsət düşdüyündən sevinirdilər...

İlk dəfə düşdüyüm bu aləmi sözlə təsvir etmək mümkün deyil... Elə bil dayanıbsan palçığın içində, ətrafında kərtənkələlər, ilanlar, əqrəblər gəzişir, azacıq tərpəndinmi – sancacaqlar. Hamısı dişləməyə, sancmağa, cırmaqlamağa məqam gözləyir, parçalamaq üçün bəhanə axtarır. Təsəvvür edirsinizmi?.. Yəqin ki, yox... Heç təsəvvür etmənizi istəməzdim də.

Digahdan Mirzə adında oğlan var idi, onu "zamoçit" eləmək istəyirdilər. Balta ilə vurmuşdular "polyaklar". Tökülüb onlardan ikisini vurduq, qalanları qaçdılar. Mirzəni çiynimə alıb tibb məntəqəsinə gətirdim. Həkimi necə lazımdısa, eləcə də "gördüm". Həkim mənə söz verdi ki, onu ölümdən qurtaracaq. Sonradan Mirzə ilə görüşəndə duz kimi yalayırdı məni.

KarLAQ-da təxminən 40-45 min məhbus vardı. Yeməyi adambaşına deyil, hər "desyatin" (on nəfər) üçün verirdilər. Sovet hökumətinin gətirib buraya atdığı adamlara yemək verməyə adicə alüminium qab-qacağı da yox idi. Çoxları isə xörəyi papağının içinə, buşlatının ətəyinə tökürdü. Bir də quru, duzlu balıq verirdilər bizə... Gündə də cəmi bir dəfə içmək üçün su...

Əlcək tikİrdilər məhbuslar. İşləyənlərin əksəriyyəti də "bosyak"lar, "krolik"lər (siyasi dustaqlar) idi. Levitanın bas səsinə inanaraq Almaniyadan öz təyyarələri ilə gələn generalları, polkovnikləri elə həmin gün 58-ci maddə ilə 25 illik "srok"la basmışdılar LAQ-lardan birinə...

KarLAQ, KitoLAQ, "zirLAQ", "zibiILAQ… saymaqla qurtarmaq olur ki, bəyəm? Ali çin, mənsəb sahibləri KarLAQ-a gəldiklərinin ikinci günü gözlərindəki, yerişlərindəki, təbəssümlərindəki təkəbbür, əda yox olurdu. Müharibədə qəhrəmanlıqlar göstərmiş bu zabitlər uzağı bir həftədən sonra sınır, sınıxır, buradakı dəhşətli şəraitə tab gətirməyərək "krolik" (dovşan) həddinə düşürdülər...

KarLAQ-da insanın it qədər də hörməti yox idi. Bir gecə naramın altından hıçqırtı səsi eşitdim. Mən barakda pəncərəyə yaxın yerdə, birinci mərtəbədə yatırdım. Kim məhbəsdə olubsa, yaxşı bilir ki, ikinci mərtəbədə pəncərənin yanında ən böyük "avtoritet" sahibi olan "Oğru" özünə yer edir. Baraka girən birinci növbədə nəzərlərini həmin səmtə yönəldir, bilir ki, buranın "sahibi" mütləq orda olmalıdır. Kimin dərdi, şikayəti varsa, üzünü pəncərənin qarşısındakı naraya tutub danışır. Orda oturanın olub-olmamasından asılı olmayaraq, nəzərlər həmin nöqtəyə dikilməli idi. Bunun başqa bir mənası da var. Pəncərə orada işıq gələn yeganə yerdir. Deməli, işıq ucu yalnız oradan görünür.

Hə, az qala sözümü unutmuşdum. Dediyim kimi, naramın altında kimsə hıçqırırdı. Əyilib baxdım, az qala sifətlərimiz toqquşacaqdı.

Polkovnik idi. KarLAQa gəldiyi birinci gün xrom çəkmələrini çıxarıb, valenka geymək istəmirdi. Heç kəslə danışmır, hamıya yuxandan baxırdı. Dediyim kimi, təyyarəçi idi... Müharibə qurtarandan dörd il sonra 58-ci maddə ilə göndərilmişdi.

– Nədir? Bəlkə bir şeylə kömək edə bildim sənə? – ondan soruşdum.
– Beş il bundan ötrümü vuruşmuşam? Bundan ötrümü? Bundan ötrümü? .. Ha, ha, ha… – deyib indi də gülməyə başladı. Yumbalanaraq naranın altından çıxdı, iki cərgə, beşmərtəbəli naraların arasında o tərəf-bu tərəfə qaçmağa başladı.
– Stalin uğrunda, irəli! – deyərək, qışqırdı.

Hamı oyanmışdı. Pəncərənin yanında yatan `Oğru`lar-dan biri naradan düşərək ona yanaşdı. Yenidən hıçqıraraq ağlayan polkovnikə "fərəğət!" deyə, komanda verdi. Polkovnik fərəğət komandasında dayanaraq, əlini çənəsinin altından bağladığı "uşanka"nın günlüyünə qaldırdı.

"Oğru" beş dəqiqə var-gəl edərək nə isə fikirləşdi. "Azad!" – komandası eşidilən kimi polkovnik gülməyə başladı, yenə "Stalin uğrunda, irəli!" – deyərək, yerindən götürüldü.

Az sonra nəzarətçilər onun qollarını buraraq, deyəsn, tibb məntəqəsinə apardılar. Polkovniki sonrakı gecələrdə heç kəs görmədi.

Ardı BURADA


Teqlər:  





Xəbər lenti