Misir-İran yaxınlaşmasında Amerika barmağı – TƏHLİL

Misir-İran yaxınlaşmasında Amerika barmağı – TƏHLİL
  07 Fevral 2013    Oxunub:2645
30 illik fasilədən sonra ilk dəfə olaraq İran prezidenti Misirə səfər etdi.
1979-cu ildə İranda baş vermiş İslam inqilabının ardınca Misir İsraillə sülh müqaviləsi imzaladığına görə Tehran Qahirə ilə diplomatik əlaqələri kəsmişdi. Misirdə məlum hakimiyyət dəyişikliyi və “Müsəlman qardaşları” təşkilatının namizədi Muhamməd Mursinin prezident seçilməsindən sonra iki dövlət arasındakı münasibətlərdə yaxınlaşma müşahidə olunmağa başladı. Artıq Tehran misirlilər üçün viza rejimini ləğv etmək barədə qərar qəbul etdi, Qahirə isə İran neftinin öz ərazisindən keçərək Süveyş kanalına daşınmasına yaşıl işıq yandırdı.
İlk baxışdan hazırkı mərhələdə İranla Misirin yaxınlaşması müasir geosiyasi qanunauyğunluqlara zidd görünə bilər. Çünki İran nüvə proqramına görə Qərbin əsas düşməninə çevrilib, Amerika və müttəfiqlərinin növbəti hücum hədəfi hesab olunur, eyni zamanda həm Avropa, həm də ABŞ bu ölkənin iqtisadi gücünü zəiflətmək üçün ağır iqtisadi sanksiyalar tətbiq edirlər. Misirdə hakimiyyətə gələn “Müsəlman qardaşları” hər nə qədər dini təmayüllü qruplaşma hesab olunsa da, sünnidirlər və əsas maliyyə mənbələri Səudiyyə Ərəbistanıdır. Ümumiyyətlə, hazırda Misir iqtisadiyyatının ayaqda qalması da Səudiyyə Ərəbistanı və ABŞ-ın maliyyə yardımlarından asılıdır. Odur ki, İranla Misir daban-dabana zidd geosiyasi müstəvidən çıxış edən ölkələrdir. Buna baxmayaraq, nədənsə hər iki ölkə bir-birinə yaxınlaşmaya meyillidir.
Sual yarana bilər ki, nəyə görə Amerika bu yaxınlaşmaya qarşı çıxmır?
İran regionda təklənib, iqtisadi sanksiyalar öz işini görür, əhalinin yaşayış səviyyəsi günü-gündən aşağı düşür, əhali arasında hakimiyyətə qarşı narazılıqlar artır, üstəgəl, prezident seçkilərinin yaxınlaşması molla rejiminin devrilməsi risqini çoxaldır. Dini lider Əli Xamenei anlayır ki, rejimi qorumaq üçün qurban tələb olunur, eyni zamanda, vaxt udmaq üçün Amerika ilə dialoqa başlamağın zamanıdır. Təbii ki, Amerika ilə danışıqlar üçün ən ideal vasitəçi Misirdir. Belə olan halda İran bəyan etdiyi “ali islami prinsiplərə” zidd hərəkət etmədiyi görüntüsü yaradır. Çünki Tehranı “Müsəlman qardaşları” ilə Sionist rejiminə qarşı uzun illərin mübarizəsi birləşdirir.
Qeyd etmək lazımdır ki, Amerika ilə İran arasında dialoq üçün vasitəçi rolunu oynamaq ilkin variantda Türkiyəyə həvalə olunmuşdu. Lakin Tehranın bu variantla razılaşmaması, eyni zamanda Vaşinqtonun da Ankaraya Yaxın Şərq məsələsində hədsiz səlahiyyət verməkdən ehtiyatlanması Qahirəni ön plana çıxardı. Necə ki, HƏMAS-la danışıqlarda İsraillə razılığın əldə olunmasında həlledici rolu Mursi oynadı.
Ehtimal etmək olar ki, Xamenei ABŞ-la dialoqa başlamağa razılıq verib və bununla ən azı prezident seçkilərini keçirənədək vaxt udmağa çalışır. Digər tərəfdən, İranın başına gələn bütün problemlərin günahkarı kimi prezident Əhmədinejat təqdim olunur. Məlumdur ki, Əhmədinejat üçüncü dəfə prezident seçilə bilməz, buna görə rejim böyük itki verməyəcək. Təbii ki, Xameneiyə yaxınlığı ilə biinən Əli Laricaninin prezidentlə açıq mübahisəyə girişən şəxs kimi ölkədaxili populyarlığı artacaq. Xalq özü üçün ümid yerini Əli Laricanidə görəcək, bu da rejimin ayaqda qalmasına və növbəti namizədinin prezident kürsüsündə əyləşməsinə şərait yaradacaq. Bu müddətdə paralel olaraq nüvə proqramı üzərində iş aprılacaq və o, müəyyən mərhələyə çatdırıla, hətta yekunlaşdırıla biər. Nəticədə Amerika artıq atom silahına malik dövlətlə üz-üzə qalacaq.
Amerikanın məqsədi isə Tehranın Yaxın Şərqdəki digər məsələlərə müdaxiləsinin qarşısını almaqdır. Sirr deyil ki, Əsəd rejiminə dəstək göstərən Tehran inqilabçıların qələbəsinə əngəl törədir. Livanda “Hizbullah”təşkilatının hakimiyyətdə qalması da əlavə problemlər yaradır. Qərb, nəhayət ki, Suriya kampaniyasının başa çatmasını, bundan sonra “Hizbullah”ı tərkisilah etməklə Livanı şiələrin təsirindən çıxarmağı düşünür. Yalnız bundan sonra Tehranla bağlı real planlar ətrafında fikirləşmək olar.

Tofiq ƏSGƏROV


Teqlər:  





Xəbər lenti