Nazirlik 17 mindən çox müraciəti cavablandırıb

Nazirlik 17 mindən çox müraciəti cavablandırıb
  05 Yanvar 2018    Oxunub:1529
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən son bir ayda - ötən ilin dekabr ayında 17 362 müraciətin cavablandırılması təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müraciətlər sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. “Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin olunub.

Ümumi müraciətlərin 96,4%-ni qeyd olunan məsələlərə dair sorğu xarakterli müraciətlər təşkil edib. Bu sorğularla əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşlara aidiyyəti qanunvericilik aktlarına istinad olunmaqla aydın şəkildə izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Hər iki “Çağrı mərkəzi”nin fəaliyyətinin təkmilləşdirilməsi, onların əhaliyə xidmət funksiyalarının genişləndirilməsi üçün son illərdə elektron texnologiyaların tətbiqi şəraitində məqsədyönlü işlər görülüb. Belə ki, hazırda əlillik müayinəsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə 142 - “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə etmək mümkündür. Həmçinin 190 -“Çağrı mərkəzi” vasitəsi ilə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan yaradılıb.

Ümumilikdə son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 151,9 minə yaxın müraciət cavablandırılıb.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti