COP29-da iqlim mövzuları interaktiv formatda müzakirə olunub

COP29-da iqlim mövzuları interaktiv formatda müzakirə olunub
  14 Noyabr 2024    Oxunub:465
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Bakıda keçirilən “COP29: biznes, investisiya və xeyriyyəçilik” mövzusunda təşkil edilən plenar sessiyada dəvət olunmuş qonaqların iştirakı ilə panel iclası keçirilib.
İclası BMT-nin COP29-da iqlim üzrə yüksəksəviyyəli lideri Nigar Arpadarai açaraq iştirakçıların diqqətini bəşəriyyətin müəyyən edilmiş iqlim gündəliyinin həyata keçirilməsində özəl sektordan, xüsusilə də sənayeləşmiş ölkələrdən gözləntilərin yüksək olmasına yönəldib.

Daha sonra “Bezos Earth” Fondunun prezidenti Endryu Stir moderator vəzifəsini öz üzərinə götürüb və proqramda nəzərdə tutulan nümayəndələrin iştirakı ilə kifayət qədər maraqlı interaktiv oyuna start verib. O, əvvəlcə səhnəyə Böyük Britaniyanın Lordlar Palatasının üzvü Alok Şarmanı və aparıcı XPRIZE mütəxəssisi Endryu Tauherti dəvət etdi, ondan zehni olaraq 40 il geriyə qayıtmağı və dünyanın necə olduğunu, həmin vaxt evlərin vəziyyətini xatırlamağı xahiş edib. Daha sonra moderator onlardan təxəyyüllərini sərbəst buraxmalarını, 2050-ci ilə səyahət etmələrini və dörddəbir əsr sonra evlərini təsəvvür etmələrini xahiş edib.

Bu cütlükdən sonra Asiya İnfrastruktur və İnvestisiya Bankının prezidenti və direktorlar şurasının sədri Jin Liqun və “ACWA Power” şirkətinin icraçı direktoru Marko Arçelli səhnəyə dəvət olunub. Moderator onlardan 2050-ci ilə sıçrayış edərək hansı layihələrə sərmayə qoyacaqlarını təqdim etmələrini xahiş edib.

Sonra Rokfeller Fondunun proqramının icraçı vitse-prezidenti Elizabet Yi və Beynəlxalq Maliyyə Korporasiyasının regional vitse-prezidenti Alfonso Garcia Mora dəvət edilib. Onlardan dörddəbir əsr sonra hansı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olacaqlarını düşünmələri istənilib.

Nəhayət, Avropa Komissiyasının energetika üzrə baş direktoru Ditte Cuul Yorgensen və “Google” şirkətinin tərəfdaşlıq və iştirak üzrə qlobal direktoru Antonia Haveldən ibarət dördüncü cütlük səhnəyə dəvət edilib. Bu dəfə onlardan 2050-ci ildə iqlimin necə olacağı və bu sahədə süni intellektin rolunun nə ola biləcəyi soruşulub.

Çox ciddi mövzulara toxunulan, habelə yumor elementləri ilə zəngin olan bu unikal viktorinada iştirakçıların cavabları tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla müşayiət olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti