“Doroxini həmin şəxs əvəz edəcək” – Millət vəkili
Bunu AzVision.az-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Rusiyanın Azərbaycandakı yeni səfirinin kim olacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Z.Oruc hesab edir ki, bu məsələ ətrafında iki ölkə arasındakı problemlərdən danışmaq doğru deyil: “Bunu “səfir böhranı” kimi xarakterizə etmək olmaz. Hazırda Azərbaycan-Rusiya münasibətlərində problem yoxdur. Bu illər ərzində biz Rusiyanın 5 səfirini - Valter Şoniya, Aleksandr Bloxin, Nikolay Ryabov, Vasili İstratov, Vladimir Doroxin ölkəmizdə görmüşük. Hesab edirəm ki, onlardan əsasən 4-ü iki ölkə arasında əlaqələrə yaxşı təsir göstərməyə çalışıb. Xüsusilə, Vladimir Doroxinin fəaliyyətini qeyd etmək olar. Onun dövründə delimitasiya məsələsi öz həllini tapıb. Həmçinin, Rusiya və Azərbaycan arasında bir sıra iqtisadi müqavilələr imzalanıb. Biz Doroxinin timsalında qaba, kobud siyasi müdaxilələri görmədik. Əksinə, o, digər ölkələrin səfirləri ilə müqayisədə daha soyuqqanlı davranışları ilə seçilib.
Ümumilikdə isə istənilən ölkəyə diplomatik nümayəndəni təyin etmək səlahiyyəti Rusiyanın rəhbərliyinə məxsusdur. Bizim üçün bu məsələdə yalnız arzuediləndir ki, həmin şəxs Azərbaycana, onun konstitusiyasına, qanunlarına hörmətlə yanaşsın. Hesab edirəm ki, bundan sonrakı dönəmdə Doroxini layiqli şəxs əvəz edəcək”.
Elvin Abdulqədirov
AzVision.az