Azay Quliyev: "Səfirliklərimizin maliyyə təchizatı yaxşılaşdırılmalıdır"
Millət vəkili vurğulayıb ki, iqtisadiyyatda ciddi geriləmənin qarşısı alınıb, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post-neft dönəminə adaptasiya dövrü başlayıb:
“Ən mühüm məsələlərdən biri - manatın sonrakı devalvasiyasının qarşısı alındı və milli valyutamıza olan inamın bərpa olunması istiqamətində önəmli addımlar atıldı. Məhz bunun nəticəsidir ki, artıq gələn il ölkə iqtisadiyyatında 1.5% artım gözlənilir. Beynəlxalq Valyuta Fondu (BVF) da Azərbaycan iqtisadiyyatının 1.3% böyüyəcəyi qənaətindədir. Halbuki BVF MDB ölkələrindən Belarusiya üçün 0.7%, yaxud neft ölkələri olan Venesuela üçün mənfi 6%, Səudiyyə Ərəbistanı üçün isə cəmi 1.1% dinamika proqnozlaşdırır.
Məhz bu iqtisadi böyümənin və görülən əlavə tədbirlərin nəticəsidir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirlərində 20.3%, xərclərində isə 16.5% artım nəzərdə tutulur. Şübhəsiz ki, kifayət qədər əhəmiyyətli artımdır və hökumətin ciddi uğuru sayılmalıdır.
Əlbəttə, vaxt imkan versəydi, büdcədə ayrı-ayrı istiqamətlər üzrə müsbət məqamları da sadalamaq olardı. Lakin buna imkan yoxdur. Lakin 2018-ci ilin büdcə layihəsində vətəndaşın güzəştli şərtlərlə mənzil əldə etməsi imkanlarının artırılması məqsədilə 250 milyon manat vəsaitin ayrılmasını və ilk dəfə yaradılan İşsizlikdən Sığorta Fondunun büdcəsinin formalaşmasını və xərclənməsi istiqamətlərinin müəyyənləşməsini xüsusi qeyd etmək yerinə düşər. Hökumətin bu addımını yüksək qiymətləndirirəm”.
A.Quliyev büdcə layihəsi ilə bağlı bir sıra təkliflər səsləndirib: “Birinci məsələ, səfirliklərimizin maliyyə və texniki təchizatının yaxşılaşdırılmasına ehtiyac var. Bu gün səfirliklərdə milli bayramların, tarixi hadisələrin və bir çox digər mühüm tədbirlərin keçirilməsinə vəsait çatışmır. 2016-cı ildən isə bütün səfirliklərin ştat cədvəlində sürücü ştatı ixtisara salınıb. Heç olmasa, hərəsinə bir sürücü ştatı verilsin. Təsəvvür edin ki, bəzən səfir özü sürücü funksiyasını yerinə yetirməyə məcbur olur. Axı, onlar ölkəmizi təmsil edirlər və bu sahəyə məncə, ciddi diqqət vermək lazımdır. Digər bir problem, diplomatik xidmətdə olan vətəndaşlarımızın xarici ölkədə işlədiyi dövrlər pensiya təminatına daxil edilmir. Diplomatın pensiyası xaricdə işlədiyi dövrdə aldığı əmək haqqından deyil, XİN-də son dəfə aldığı əmək haqqının 50 faizindən hesablanır və nəticədə çox az miqdarda pensiya ilə təmin olunur. Bu məsələyə də baxılsa, yaxşı olar”.
AzVision.az
Teqlər: Azay-Quliyev Milli-Məclis