Xarici Kəşfiyyat Xidməti nə iş görəcək?

Xarici Kəşfiyyat Xidməti nə iş görəcək?
  16 Dekabr 2015    Oxunub:55075
Ötən gün prezident İlham Əliyevin imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv edilərək əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bu praktika dünyada çoxdan mövcud olsa da, ölkəmizdə bir ilkdir.

Yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti nədən ibarət olacaq?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, ləğv edilən MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Ərəstun Oruclu AzVision.az-a açıqlamasında bildirib ki, Xarici Kəşfiyyat Xidməti əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirəcək.

Ekspertin sözlərinə görə, bu fəaliyyətə dövlət rəhbərliyinin məlumatlandırılması və tapşırığa uyğun olaraq müavfiq əməliyyatların həyata keçirilməsi də daxildir.

“Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. Kəşfiyyatın başlıca vəzifəsi budur. Buradan da göründüyü kimi kəşfiyyatın fəaliyyəti əsasən ölkə hüdudlarından kənarda həyata keçiriləcək. Kəşfiyyat əsasən kənarda işləməlidir”.

Ə.Oruclu bildirib ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yarandığı ilk gündən orada xüsusi kəşfiyyat idarəsi olub: “Kəşfiyyat idarəsinin məqsədi və vəzifələri Azərbaycan üçün prioritet istiqamətlərdən olan kəşfiyyat fəaliyyətini həyata keçirməkdir. Kəşfiyyat xüsusi xidmət orqanlarında məxfi qurumlar sayılır və onun fəaliyyəti hər an görünmür. Ona görə də bir sıra hallarda kəşfiyyatın fəaliyyəti haqqında cəmiyyətdə məlumat olmur. Kəşfiyyat idarəsi hər zaman olub, amma bundan sonra müstəqil şəkildə fəaliyyət göstərəcək. Bu qurum birbaşa dövlət rəhbərliyinə tabe olacaq”.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, Milli Təhlükəsizlik Nazirliyinin iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir: “Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycan qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Hesab edirəm ki, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək”.

Keçmiş MTN-çi, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyevin fikrincə, XTX-nin yaradılması təhlükəsizliyin güclənməsinə xidmət edəcək: “Azərbaycanda bu iki xidmətin yaradılması zamanının tələbidir. Bu, dünya praktikasında tətbiq olunan metodlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyatın ayrılması düzgün addımdır. Qurumun biri kəşfiyyatla, digəri isə əks-kəşfiyyatla məşğul olacaq. Bundan Azərbaycan qazanacaq, itirməyəcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Ölkə başçısının fərmanı ilə MTN-nin əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti