Zelenski: “Ukrayna yeni torpaqlar itirə bilər”

//Kiyevin ritorikasında dəyişiklik nəzərə çarpır//

   Zelenski:    “Ukrayna yeni torpaqlar itirə bilər”
  26 Fevral 2024    Oxunub:1869
Prezident Volodomir Zelenski Rusiya ordusu ilə silahlarda paritetə malik olmayan Ukraynanın indən sonra da ərazilər itirə biləcəyini deyib.
Ukrayna prezidenti Kiyevdə keçirdiyi mətbuat konfransında rusların təzyiqinin kifayət qədər güclü olduğunu vurğulayıb. Keçən ilin sonuna və bu ilin əvvəlinidək rusların cavab artilleriyasından Ukrayna qoşunlarına qarşı istifadə intensivlik təxminən 12-nin 1-ə nisbətində olub, indi isə bu nisbət təxminən 7-nin 1-dir.

O, Avdeyevkanın itirilməsinə də münasibət bildirərək, Moskvanın öz üstünlüyünü göstərmək üçün bunu informasiya savaşı müstəvisinə qaldırdığını bildirib.

“Amma bu necə üstünlükdür ki, Avdeyevka ətrafında döyüşlər hətta genişmiqyaslı müharibə başlayandan deyil, 2014-cü ildən davam edir” , - Zelenski deyib.

Yeri gəlmişkən, Ukrayna prezidenti ötən ilin payızında keçirilən əks-hücumun uğursuzluğunu satqınlıqla izah edib. Onun iddiasına görə, hələ əks-hücum başlamamış hərbi plan Kremlə çatdırılıb.

Bu dissonas konekstində Ukrayna prezidenti Rusiyadan qorunmaq üçün Qərb tərəfdaşları tərəfindən silahların gec çatdırılmasından böyük məyusluq yaşadığını vurğulayıb. Çünki bu yalnız vaxtın yox, həm də insanların, xüsusən də uşaqların itirilməsi deməkdir.

- İşğal edilmiş ərazilərdə ruslar nə qədər çox olsalar, bir o qədər uşaqlarımızı harasa Rusiyaya aparırlar. Müharibə nə qədər uzansa, bəzi ölkələr bir o qədər tərəddüd etməyə başlayır. Bu isə vaxtdır, zaman heç kimin xeyrinə işləmir. Buna görə də, mən başqa nədən məyus ola bilərəm?” , - Ukrayna prezidenti ritorik sual verib.

Maraqlıdır ki, Volodomir Zelenski İsveçrədə keçiriləcək ikinci konfransda Kiyevin Moskvaya nizamlanma planını çatdırmaq niyyətində olduğunu, lakin bunu danışıqlar kimi qiymətləndirmədiyini bildirb. Onun iddiasına görə, Rusiya nümayəndələrinə yalnız konfrans iştirakçılarının hazırladıqları plan təqdim olunacaq.

“Rusiya birinci sammitdə hazırlanacaq sənədi qəbul etməyə bilər. Lakin bu sənəd Rusiyaya təqdim olunacaq və ikinci sammitə hazır olacaq”, - Ukrayna prezidenti “Ukrayna. 2024.” konfransında bildirib.

Zelenski əlavə edib ki, Ukrayna ilə bağlı ilk forumun yaxın aylarda, ola bilsin, yazda İsveçrədə keçirilməsinə ümidlidir. O, ikinci forumun təxmini tarixini açıqlamasa da, bunun bəlkə də artıq Avropa qitəsində keçirilməyəcəyi ehtimalını dilə gətirib. Qeyd edək ki, İsveçrə prezidenti Viola Amherd yanvarın 15-də Ukrayna prezidenti ilə görüşdən sonra onun İsveçrədən yüksək səviyyəli sülh konfransı keçirməyi xahiş etdiyini bildirib. Bern isə, öz növbəsində, bu müraciətə müsbət cavab verib.

Vladimir Putinlə isə Zelenski sülh danışıqları aparmağın hazırda mümkün olmadığını söyləyib.

“Karla danışmaq mümkündürmü?.. Sual hüquqi və siyasi müstəvidədir. Biz elə platforma təklif edəcəyik ki, Putin bu müharibəni uduzduğunu və bunun böyük səhv olduğunu qəbul edə bilər. Bu, böyük səhv idi, onun üçün kiçik, bizim üçün isə faciə idi. Bu, mütləq faciədir, ona görə də bu məsələdə ədalət olmalıdır”, - Ukrayna prezidenti öz rusiyalı həmkarını günahlandırıb.

O, həmçinin bu müharibədə Ukraynanın uduzmadığını və iki il bundan əvvəl ən çətin vəziyyətin yaşandığını iddia edib. Ukraynanın isə qələbədən başqa alternativi yoxdur.

“Ukrayna uduzur nə deməkdir” nə deməkdir? Yəni biz mövcud olmayacağıq. Həyatımız uğrunda mübarizənin belə sonluğu qətiyyən bizim üçün uyğun deyil. Döyüş meydanındakı vəziyyət isə, xüsusən də itkilərlə bağlı məsələ tərəfdaşlardan və onların dəstəyindən asılı olacaq”, - Zelenski növbəti dəfə Qərbdəki tərəfdarlarına xatırladıb.

Jurnalistlərin müraciətinə cavab olaraq, Zelenski 2019-cu il dekabrın 19-da Parisdə “Normand görüşü” çərçivəsində Putinlə keçirdiyi üzbəsurət danışıqların da bəzi detallarını açıqlayıb.


“Müxtəlif çalarlarda uzun-uzadı söhbətimiz oldu. Mən ona dedim ki, Minsk razılaşmaları işləməyəcək, çünki təmas xətti boyunca qoşunların çıxarılması mövzusunun özü işə yaramır... Mən ona dedim: görün bizim geri çəkilməyimiz nə qədər vaxt aparıb. Mən ona göstərdim ki, biz 20 il itirəcəyik, bu o deməkdir ki, biz 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə çox uzun müddət danışdıq və sövdələşmələr apardıq”, - Ukrayna prezidenti xatırlayıb.

Maraqlıdır ki, Zelenskinin verdiyi açıqlamalar fonunda Ukraynanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumatları təkzib edib. Onun dediyinə görə, bu məlumat həqiqəti əks etdirmir. Şimali Koreyaya gəldikdə isə, Budanov Pxenyanın Moskvaya bir neçə belə raket verdiyini, lakin bunun kütləvi hal daşımadığını bildirb.


Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadən ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmalar çərçivəsində İranın 2024-cü ilin əvvəlindən Rusiyaya “yer-yer” tipli ballistik raketlərinin bir neçə partiyasını artıq göndərdiyi barədə xəbər yaymışdı. İranın BMT-dəki daimi nümayəndəliyinin təkzib etdiyi bu məlumatı ABŞ da rəsmi qaydada təsdiqləməyib.

Sadalanan açıqlamlarda bəzi məqamlar diqqəti cəlb edir.

Əvvəla, Kiyevin Rusiyaya nizamlanma planı təqdim etmək istəyini Zelenskinin dilə gətirməsi çox güman ki, təsadüfi deyil. Doğrudur, həmin planda Kiyevin ərazi güzəştlərinə gedəcəyini düşünmək sadəlöhvlük olsa da, Ukrayna tərəfinin ritorikasında mülayimləşmə ab-havası açıq-aşkar nəzərə çarpır. Belə ki, Zelenski indiyədək Putinlə, ümumiyyətlə, heç bir danışığın aparılmayacağını iddia edirdi. Bəli, indi də o, danışıqlardan söhbət getmədiyini vurğulayır, amma belə bir planın Kremlə verilməsi artıq danışıqlar prosesinə aparan ilk addım kimi qiymətləndirilə bilər.

Müsahibə müharibəsi: Karlson-Putin oyununun pərdəarxası
Məşhur amerikalı jurnalist-teleaparıcı Taker Karlsona müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Moskvanın daim danışıqlara hazır olduğunu və Vaşinqtonla təmasları kəsmədiyini bildirməsi fonunda Zelenskinin bu bəyanatı çox maraqlı görünür. İstisna deyil ki, bu təşəbbüsün arxasında məhz rəsmi Kiyevə təzyiq göstərən ABŞ dayanır. Hərbi-maliyyə yardımı ilə bağlı Kiyevin ardıcıl tələbləri və Vaşinqtonun bu məsələni uzatması reallığı Ağ Ev administrasiyasının məhz belə ssenari seçməsini şərtləndirə bilər.

İkinci çox maraqlı məqam əks-hücum planının heç hərbi əməliyyatlar başlamamış Kremlin stolunun üstünə qoyulduğu barədə Zelenskinin açıqladığı iddiadır. Belə ki, təxminən 10 gün davam edən çəkişmələrdən sonra zor-xoş istefaya göndərilən Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı Valeri Zalujnının bostanına daş atıldığını düşünmək olar. Çünki hərbi planın məxfiliyinə və reallaşdırılmasına ilk növbədə məhz Silahlı Qüvvələrin Baş komandanı məsuliyyət daşıyır.


Klassiklər deyiblər ki, qələbənin sahibi çoxdur, məğlubiyyət isə həmişə yetimdir. Bu prizmadan yanaşsaq, ötənilki əks-həmlənin iflasa uğramasına görə “günahkar keçi” axtaranların əqrəbləri Zalujnıya tuşlayacağı və hətta onun Moskvaya işlədiyini bəyan edəcəyi də istisna olunmur. Belə təqdirdə ona hətta vaxtilə Rusiyanın Müdafiə nazirliyinin Baş qərargah rəisi Valeri Gerasimovun yüksək peşəkarlığı barədə dediklərini də xatırlada bilərlər.

2022-ci il sentyabrın ortalarında “The Time” nəşrinə müsahibə verən Valeri Zalujnı Rusiyanın hərbi qurumlarına hörmət etdiyini və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun əsərlərini öz kabinetində saxladığını bildirib. Zalujnı “rus hərbi doktrinasını əsasında böyüdüyünü” və hələ də “bütün hərbi elmlərin Rusiyada olduğuna” inandığını, habelə özündən 17 yaş böyük Gerasimovla təhsil aldığını diqqətə çatdırıb.

“Onun indiyə qədər yazdığı hər şeyi oxudum... O, insanların ən ağıllısıdır və ondan gözləntilərim çox böyük idi”, - Zalujnı həmin müsahibədə deyib.

Hələ o vaxt Zalujnının bu sözləri Ukraynanın hərbi-siyasi isteblişmentinin bəzi üzvlərində ciddi narazılıq doğurmuşdu. Ötən ilin payızında keçirilən əks-həmlənin uğursuzluğuna görə “ifritə” axtarışında isə həmin bəyanat ciddi ittiham üçün alətə çevilər bilər.

Üçüncü maraqlı məqam isə Kirill Budanovun bu ilin əvvəlindən İranın Rusiyaya bir neçə partiya “yer-yer” tipli ballistik raketlər göndərməsi barədə “Reuters” agentliyinin yaydığı məlumatı təkzib etməsidir. Əslində Budanov bununla “Reuters” kimi məşhur agentliyin obyektivliyiyni şübhə altına qoyur və yaxud daonun maraqlı dairələrin sifarişi ilə yalan məlumatlar yaydığını faş edir. Hər iki məqam isə Rusiyaya qarşı bütün sahələrdə total müharibə aparan Qərbin imicini ləkələyir. Yaranmış çətin vəziyyətdən çıxmaq və pis oyunda öz simasını qoruyub saxlamaq üçün isə Moskva ilə kompromisslər axtarmaq üçün Kiyevə təzyiqlər göstərilir.

Atalar belə yerdə deyiblər ki, gedən bağdan gedər, bağbandan nə gedər?

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Rusiya   ritorika  





Xəbər lenti