Cəbhədə son günlər nə baş verir? - Aktual

Cəbhədə son günlər nə baş verir? - Aktual
  15 Dekabr 2015    Oxunub:3443
Son günlər cəbhədə vəziyyət olduqca gərgindir. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

Ümumilikdə son bir neçə gündə atəşkəs rejiminin pozulması nəcitəsində ordumuz bir neçə hərbçisini itirib, düşmən tərəfi isə xeyli itki verərək geri çəkilib. Düşmən tərəfinin cəbhədə aktivləşməsi diqqətdən yayınmır.

Cəbhədə nə baş verir? Türkiyə-Rusiya qalmaqalının fonunda cəbhədəki gərginliyin səbəbi nədir?

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu AzVision.az-a bildirib ki, cəbhədə gərginliyin artmasında günahkar Ermənistandır: “Elə başa düşülür ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan artıq cəbhədə gərginliyin artmasında maraqlı deyil. Yalandır. Bu məsələdə Ermənistanın konkret məqsədi var. Belə ki, onlar qoşunların təmas xətti məsələsini coğrafi anlayışdan hüquqi anlayışa çevirməyə çalışırlar. Yəni, indiki status-kvonu təsdiq edən sənədin imzalanmasına çalışırlar. Bunun baş verməsi üçün bu xətt daim gərgin vəziyyətdə görünməlidir. Bu səbəbdən Ermənistan cəbhədə vəziyyəti gərgin olaraq saxlayır. ABŞ-ın qoşunların təmas xəttində xüsusi qurğuların yerləşdirlməsi ilə bağlı təklifləri də bu məqsədə xidmət edir. Ona görə də ABŞ konqresmenləri az qala hər gün bu mövzuda bəyanatlar verir. Yəni, bu məqsədli şəkildə aparılan siyasətdir”.



Politoloq qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən ruhlanan Ermənistan Azərbaycanın da bu ölkə ilə münasibətlərinin pisləşməsi üçün təxribatçı addımlar atır: “Ermənilərin ümumi strateji xətti ondan ibarətdir ki, Azərbaycana daim təzyiqlər yaratsınlar. Ona görə də vaxtaşırı Azərbaycana düşmən yaratmağa çalışırlar. Son provakasiyaların həyata keçirilməsində məqsəd Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında ədavət salmaq idi. Bunun üçün ermənilər Rusiya vətəndaşını, bu ölkəyə aid dövlət nömrə nişanlı maşına əyləşdirərək cəbhə xətti istiqamətinə göndərdi. Maşın elə manevrlər etdi ki, Azərbaycan hərbçiləri bunu hərbi təhlükə kimi qəbul etdi və məhv etdi. Yəni, ermənilər Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün çirkin provakasiyaya gedirlər”.
Politoloq hesab edir ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi Rusiya-Türkiyə münasibətlərindəki vəziyyətlə əlaqədardır.

“Ermənilər Rusiyaya göstərmək istəyir ki, Azərbaycan da Türkiyə kimi addımlar ata bilər. Ona görə də Rusiyanın Türkiyəyə olan nifrətinin böyük bir qismini Azərbaycana qarşı yönəltməyə çalışırlar. Təmas xəttində son vaxtlar itkilər yox idi. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən dərhal sonra ermənilər qəfil hücumlara başladı və hər iki tərəfin itkiləri oldu. Azərbaycan hərbiçilərinin cavabları isə ermənilərə hərbi güc nümayişdir. Azərbaycan ordusu konkret əməliyyat başlasa, Rusiyadan alınan raketləri düşmənə atar”.

Azərbaycan və Ermənistan prezidentlərinin bu ay ərzində görüşməsi məsələsinə toxunan politoloq bildirib ki, bu görüşün baş tutması sual altındadır: “Prezidentlərin görüşəcəyi dəqiq deyil. Qərar verilməyib. Ermənilər özləri etiraf edir ki, prezidentlərin görüşü baş tutmayacaq, baş tutsa belə əhəmiyyətsiz olacaq”.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə cəbhədə gərginliyin artmasına səbəb kimi Ermənistandakı daxili prosesləri göstərib: “Ermənistan vətəndaşların diqqətini ölkə daxilindəki gərgin vəziyyətdən uzaqlaşdıraraq, cəbhə xəttinə yönəltməyə çalışır. Bunu isə cəbhə xəttində provakasiyalar törətməklə Azərbaycanın adına yazmağa və danışıqlara hazır olmadığı barədə yalançı rəy yaratmağa çalışır.



Dekabrın sonlarına doğru Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi ilə bağlı xəbərlər yayılır. Bu ərəfədə Ermənistan əlavə siyasi xal qazanmağa cəhd edir. Amma, unudurlar ki, heç bir halda bu cür çirkin oyunlar nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də Ermənistanın daxili problemlərinin həllinə yardımçı olacaq”- deyə A. Mirzəzadə bildirib.

Deputat hesab edir ki, Ermənistan Rusiya-Türkiyə arasındakı gərginlikdən maksimum istifadə etməyə çalışır: “Rusiya-Türkiyə münasibətlərində yaranan gərginlikdən Ermənistan sui-istifadə etməyə çalışır. Əslində Ermənistanın təxribatçı addımları həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya yönəlib. Yəni, Ermənistan bu gün cəbhədə gərginliyi artırmaqla Rusiyanı da özünün provakasiyalarına cəlb etmək və bu ölkəni özünün işğalçılıq siyasətini müdafiə etdirməyə çalışır”.



Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev hesab edir ki, ermənilər cəbhədə təxribat törədərək Azərbaycanın gücünü öyrənməyə çalışır: “Ermənilər təxribatlar törədərək Azərbaycanın gücünü yoxlamaq istəyirlər. Ona görə də dəfələrlə ordumuzun mövqelərinə pilotsuz uçuş aparatları göndərirlər. Ancaq, hərbçilərimiz bunları məhv edir. Eyni zamanda Ermənistan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən öz xeyrinə yararlanmaq istəyir. Ancaq, onların bu cəhdləri mümkünsüzdür. Onlar heç nə əldə edə bilməyəcəklər”, - deyə D. Rzayev vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti