Qədim teatrın yeni suflyorları

Qədim teatrın yeni suflyorları
  10 Noyabr 2015    Oxunub:6037
Aqşin Yenisey

Etnoqrafiyanın yazılı qanunlarında deyilir ki, hər bir xalq öz təbii mövcudluğunu qoruyub saxlamaqdan ötrü, ilk növbədə, təşkil olunduğu fərdlərin metafizik dayanıqlığını təmin edən təsisatlar yaratmağa, özü yarada bilmirsə, başqa xalqların yaratdıqlarından oğurlayıb, ora-burasına əl gəzdirməklə özününküləşdirməyə məhkumdur.


Dərhal nümunə göstərək: qədim romalılar misirlilərin məhkəmə allahı Nemezidanı əkişdirib ondan sonralar bütün dünyanın müraciət etdiyi ən mükəmməl Roma hüquq sistemini yaratdılar. Bu mənada dünya dinlərinin tapındığı müasir tək Allahlar da müəllifi məlum olmayan qədim vahid Allah ideyasının oğurluq oxşarlarıdır. Yenə nümunələrə baxaq; daşdan saxsıya, saxsıdan gönə, göndən kağıza uzanan yazı yaddaşına inansaq, belə agah olur ki, günümüzün “inanc dəstlərini” təşkil edən oxşar Tanrıları və onların müqəddəs idarə heyətini hindlilər şumerlərdən, farslar hindlilərdən, yunanlar və misirlilər farslardan, yəhudilər və romalılar yunan və misirlilərdən, avropalılar və ərəblər isə yəhudilərdən müxtəlif yollarla mənimsəyərək, özlərinin kütləvi psixi gərginliklərinin öhdəsindən gələ bilən, mental xarakterlərinə və coğrafi mühitlərinə uyğun hala salıblar.

Məhz bu ilahi adaptasiya nəticəsində eyni din - xristianlıq İspaniyada, Fransada, İngiltərədə fərqli şəkillər almışdır, eləcə də islam dini müsəlman ölkələrinin tarixi mentalitetinə uyğun olaraq Asiya boyunca çeşidlənmiş və bu gün hamının axtardığı “əsl islam” qitəni əhatə edən geniş çöllərdə, səhralarda itkin düşmüşdür. Eyni Tanrı bir xalqın təfəkküründə mərhəmətli, digərində qəzəbli və deyingən olmuşdur, başqa birində soyuqqanlı, o birində, yumşaq desək, ehtiras düşkününə çevirilmişdir.

Eləcə də digər dünyəvi dəyərlərin - miflərin, nağıl və dastan qəhrəmanlarının oxşarlıqları da “Babil qülləsi”ni dağıtmaqla Tanrının insan təkəbbürünə cəza olaraq dünyanı dil xəritəsinə bölməsi rəvayətinə şübhə yeri qoymur.

Tarixin təkrarlanması nəzəriyyəsi bizi məcbur edir ki, sivilizasiyanın inkişafını riyazi rəqqasın hərəkəti kimi gözdən keçirək. Vahid dilin parçalanması oxşar fərqliliklərin yaranmasına, yəni çeynənilmiş frazayla desək, “sonun başlanğıcına”, dünya tarazlığının pozulmasına təkan verdi; Qədim dünyanın başlanğıc nöqtəsi olan “HAMININDIR” hökmlü bərabərlik, eynilik ideyasından yola çıxan bəşər tarixi amplitudun Orta əsrlərində “BİZİMDİR” ayrıseçkiliyinə və son müasir dövründə isə “MƏNİMDİR” düşmənliyinə qədər irəlilədi.

“MƏNİMDİR” dirənişi “HAMININDIR” nöqtəsindən hərəkətə başlayan sivilizasiya rəqqasının amplitudasında son hədddir, bundan sonra, ya bu rəqqas geriyə, özünün ilkin tarazlıq vəziyyətinə qayıtmalıdır, ya da onu saxlayan “sapdan” – bəşəri dəyərlər sistemindən – qopub “HEÇ KİMİNDİR” boşluğuna, sonsuzluğuna, xaosa yuvarlanmalıdır. Buna görə də indi dünya xalqları, məsələn, biz müsəlmanlar, pravoslav ruslar geriyə, ən azı, Orta əsrlərdəki “BİZİMDİR” dövrünə qayıtmağı düşünürük, əks halda, müsəlman və pravoslavlara elə gəlir ki, katolik və protestantlardan ibarət xrisitian dünyası, eynən rəqsi hərəkətdə olduğu kimi, kənar qüvvələr olaraq özlərinin periodik müdaxilələri ilə məcburi rəqsə təhrik edərək onları asıldıqları “sapdan” - mövcud milli-irsi-dini dəyərlərindən qoparıb, sistemdən uzağa, yuxarıda dediyimiz “HEÇ KİMİNDİR” xaosuna, əbədi məhvə, dönüşü olmayan sonsuzluğa atacaqlar .

Tarixin Şərq-Qərb toqquşması adlandırılan, əslində isə xristian-müsəlman dini qarşıdurmasının yeni mərhələsi olan Orta Şərq münaqişəsi onu göstərir ki, müsəlman dünyası geriyə “BİZİMDİR” yarımvəhşiliyinə can atır, xristian dünyası isə onu, əksinə, özü ilə bərabər “BİZİM DEYİLSƏ, HEÇ KİMİNDİR” xaosuna itələyir. Bu, bəşəriyyətin növbəti Babil dövrünə, Babil təkəbbürünə daha çox oxşayır.

Amansızlığın, qəddarlığın və əxlaqsızlığın adiləşməsi onu göstərir ki, müharibəyə nəzarət artıq sərkərdələrin – korporativ maraqların nəzarətindən çıxıb, əsgərlərin, yəni daha barışmaz düşmənlər olan dini fanatizmlə elmi təxəyyülün, ənənəylə zəkanın, miflə reallığın öhdəsinə buraxılıb və hələ ki, “heç nə” və “heç kim” uğursuzluğu ilə nəticəsiz davam edir.

Vaxtilə istər Şərq, istər Qərb dünyasında Milada görə, Orta əsrlərin “böyük qorxu dövrünün” zəkası özünü fiziki məhvolmadan qorumaq məqsədilə dinin nüvəsini onun mantiyasından - mövhumatından ayırmaqla, əslində, özü də hiss etmədən, daha təhlükəli olan dinin ekzistensial substansiyasını qorumuş oldu. Bu gün din artıq özü öz mövhumatını rədd edir, öz düşmənlərinin qarşısına xurafat, mövhumat şəklində deyil, özünün ekzistensial halı, daha möhkəm, daha bütöv olan nüvəsi ilə çıxır, elmin yaxasından yapışıb bağırır ki, sözün var üzümə de, adımı mövhumat, xurafat qoyub arxamca danışma.

İndi dini təcavüzdən qorunmaq üçün elm özü özünün elmi mövhumatını yaradır və yayır, sanki, elmi texnologiyalar bir-birini üstələyən inkişafın yeni pilləsi kimi deyil, keçmiş milli-dini ənənələrə qarşı daha effektiv zərbə vurmaq üçün düşünülmüş aksiya amacı ilə yaradılır. Hər bir yeni film, roman, çizgi əsərinin, sanki, yeganə məqsədi var: keçmişi dağıtmaq və gələcək haqqında düşünməmək. Buna görə də bəzən keçmiş əsrlərin alternativ ideallarını məhv etməklə, tarixi şəxsiyyətləri aşağılamaqla xoruzlanan Qərbin intellektual elm mövhumatçıları tarixin qan analizinin yanlış aparıldığını sübut etmək üçün keçmişin “heçkimləşdirilməsini”, az qala, yeni elmi ideya kimi ortaya atırlar.

Mədəniyyət ağrının tarixidirsə, tarix də xalqların zərurət qanunlarının tələbi ilə özlərinə ideal yaratması, ona səcdə etməsi, nəhayət, xatirələşdirib qoruması barədə gərgin mübarizəsinin hekayəsidir. Bu gün dünyanın hər yerində tarixin istintaqı gedir və tribunal pafosla keçmişi aşağılayan ağıl dəryaları, əslində, insanın mübarizə ruhu, əqidə azadlığı, müəlliflik hüququ, şəxsiyyət fenomeni, fitri yenilməzlik kimi sabit dəyərlərini inkar edirlər.

Vaxtilə xırda-xuruş Yunan, Misir allahlarına tapınıb etiqad pərakəndəliyi içində azan və daha qədim olan iudaistlər, atəşpərəstlər kimi sabit bir inanca sahiblənmək üçün nazaretli dülgər Yusifin oğlu İsanın cəsədini çarmıxdan əkişdirib özlərinə ali ruhani dəyər, peyğəmbər “düzəldən” xristian Avropası bu dəfə öz xilasını başqaları ilə birlikdə məhvolmada görür. Top barıtına görə yunan odunu lənətləyən müsəlman Şərqi isə fanatikcəsinə tarixi gerçəklikləri qarabasmalar şəklində təsəvvür etməklə dinin aşıladığı qocafəndi nihilizmi, məsələn, azadlığın insanın zərurətlər sistemində köləliyindən başqa bir şey olmadığını, cəmiyyətin təbiət qanunlarından asılılığını, elmi şübhələrin beyinlərdəki oturuşmuş inancları sarsıtdığını zümzümə edən mızıltılarını getdikcə major gurultuya çevirərək müsəlmanların tarixi təsəvvürlərini korlamaqla dirəniş göstərə biləcəklərini düşünürlər.

Mağaralardan axan qaranlıq çaylarda yaşayan balıqlar kimi bizim müsəlman fanatiklərin bu fitri korluğu irsi xarakterlidir. Bu korluq nəsildən-nəsilə deyil, əsrdən-əsrə keçən tarixi korluqdur. Xristianların tarixin “heçkimləşdirilməsi” ideyasına qarşı müsəlmanlar tarixin “ilahiləşdiriməsi” ideyası ilə qarşı çıxırlar. Bu, ən bəsit formada allah mənşəli qantökənliyə təkrik edən moizələrdə bir imamın qolundakı gücün bir ordunun döyüş taktikasından daha effektiv olması haqqında xalqın beyninə yeridilən psixopatik təlimlərdə özünü göstərir. Bu fanatizm öz tərəfdarlarını getdikcə sosial-bioloji növ olmaqdan uzaqlaşdırıb psixopatoloji növlərə çevirir.

Sosioloqlar sübut edir ki, vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterinin zəifləməsinə səbəb bu xalqların düşüncələrində ideyaların anarxizmini yaradaraq, onların ruhi aləmini depressiyaya uğradan bu cür qondarma şəxslər olmuşdur. Belə adamlarda, nəinki tarixdə, cəmiyyətdə, hətta öz ətraflarında belə baş verən istənilən hadisəyə münasibət neqativ təzahürlü şərti refleks həddində olur və onlar yaxşı bilirlər ki, neqativ enerji tükənməz zorakı güc mənbəyidir. Dinlər tarixi sübut edir ki, bu gün bəşəri adlanan dinlər daha çox məhz bu neqativ enerjinin verdiyi gücün hesabına aparılan qəddar və intensiv cəhdlər nəticəsində dünyaya yayılmışdır.

Bu gün xristian və müsəlman dünyasının əlində tutduqları və bir-birilərinə üzündən oxuduqları vərəqlər köhnə ssenarilərdir. Dəyişən yalnız odur ki, bu dəfəki tamaşada siyasi liderlər rejissorları yox, suflyorları əvəz edirlər, yaddan çıxanları yada salırlar. Postmodernizmin labrintdən çıxış yolu kimi təklif etdiyi “kitabxananı yandırmaq” ideyası da, əslində, bəşəri tragikomediyanın bu köhnə ssenarilərini yandırmaq məqsədi güdürdü, amma ədəbiyyat ya ənənəvi humanizminə söykənib, ya da dini-genetik qorxusunu yenilib onu dedektiv sonluqla ört-basdır elədi.


Teqlər:  





Xəbər lenti