Miniatür Kitab muzeyi - FOTOLAR

Miniatür Kitab muzeyi - FOTOLAR
  23 Aprel 2013    Oxunub:13212
Bu gün, 23 aprel dünyada yeganə miniatür kitab muzeyinin açılışının ildönümüdür.
11 il əvvəl, 23 Aprel 2002-ci- ildə Bakı şəhərinin tarixi hissəsində,XIV əsr memarlıq abidəsi Şirvanşahlar Sarayının yaxınlığında dünyanın ilk və hələki yeganə miniatür kitab muzeyinin açılışı baş tutdu.

Açılış gününün məhz bu günə düşməsi təsadüfi deyil. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının klassikləri, dahi yazıçılar Vilyam Şekspir, Migel Servantes və İnqa Qarsilaso dela Veqa vəfat ediblər. Bunun xatirəsinə 1996-ci ildən bəri YUNESKO-nun qərarı hər il 23 aprel dünyada beynəlxalq kitab və müəllif hüquqları günü kimi qeyd olunur.

Bu gün muzeyin 145 kv. m ərazisində 37 şüşə vitrində dünyanın 71 ölkəsində nəşr olunmuş 5200 miniatür kitab sərgilənir. Sərgidə ən nadir kitablar Yaponiyanın "Tolpan" nəşriyyatının 2 × 2 mm formatında 3 mikro kitabı hesab edilir.

" Miniatür kitab toplamaq ideyası necə yarandı?" sualına muzeyin direktoru, mədəniyyət xadimi Salahova Zərif bu cür cavab verib:

-Tamamilə gözlənilmədən. 1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq Könüllü kitab həvəskarları Cəmiyyətində mənə İ.Krılovun 1835 ildə nəşr olunmuş təmsillər toplusunu 23 rubla almağa təklif edirlər. O zamanlar üçün bu bahalı əyləncə idi, lakin mən ödənişi edib kitab üçün anbara getdim. Elə orda da ilk dəfə mini kitab gördüm. O gündən mənim kolleksiyam toplanmağa başladı. Bu illər ərzində mən 6500-dən çox miniatür kitab toplamışam.Sovet meyyarlarında görə mini kitabın formatı 100 × 100 mm., Avropa standartlarına görə isə bu ölçü 58 × 76 mm hesab edilir.

Zərif Salahova həmçinin qeyd etdi ki,də muzeyin kolleksiyasının çox hissəsi ianələr vasitəsilə inkişaf edib. Bütün dünyada insanlar muzeyin saytını ziyarət edir, yazıb, kitab göndərirlər. Bir çoxları özləri gətirir kitabları, Venesueladan olan iş adamı kimi. O, muzeyə Venesuela və Kolumbiyada nəşr olunmuş 29 kitab hədiyyə edib. Muzeyə həmçinin Bakıya gələn Çin, İtaliya və Bolqarıstan səfirləri də kitab hədiyyə ediblər. Muzeyin ən qədim kitabı - XVII əsrdə nəşr olunmuş Qurandır.

Bundan əlavə, 1985-ci ildən Zərif Salahova özü də mikrokitablar nəşr etdirir və onları xaricdə nəşr olunan miniatürlər kitablara dəyişir. İndiyədək Zərifə xanım tərəfindən Azərbaycan və Rusiya da daxil olmaqla xarici ölkələrin görkəmli siyasət, ədəbiyyat, incəsənət və elm adamlarının adı ilə bağlı 100-dən çox miniatür kitab nəşr etdirilib.

Z.Salahovanın şəxsi kolleksiyasının miniatür kitablarının sərgiləri Kabildə (1988), Istanbulda (1991), Hayfada (1994), Çində (1995), Moskvada (1997 və 2003), Kiyevdə (2000), Sidneydə (2000), Maynzda (2003), Ankarada (2005), Parisdə (1999 və 2006), Səudiyyə Ərəbistanında (2007), Londonda (2009), Minskdə (2009), Şanxayda (2010), Pekində (2011), Havanada (2011) və əlbəttə muzeyin yaradılmasından əvvəl dəfələrlə M.F. Axundov adına Milli Kitabxanada Bakıda keçirilib.

Qeyd edim ki, ziyarətçilər bütün dünyadan toplanan geniş kitab kolleksiyasına pulsuz baxa bilərlər,çünki bu gözəl muzeyə giriş azaddır.

Leyla Murad
Foto Elnur Abdullanındır

Qalereya




Teqlər:  





Xəbər lenti