Fransız şirkəti Ukraynada "Starlink"i əvəz edə bilməyəcək - "Politico"

   Fransız şirkəti Ukraynada "Starlink"i əvəz edə bilməyəcək    - "Politico"
  07 Aprel 2025    Oxunub:515
Fransanın “Eutelsat” peyk operatorunun baş direktoru Eva Berneke diqqət çəkən açıqlamalar verib.
"Politico"nun yaydığı məlumata görə, o, deyib ki, “Starlink” Ukraynada fəaliyyətini dayandıracağı təqdirdə şirkət bu ölkəni kommunikasiyalara tam çıxışla təmin edə bilməyəcək.

Fransa şirkəti Ukraynada “Starlink”i əvəzləməyə çalışır
"Əgər biz Ukrayna və ümumilikdə onun bütün vətəndaşları üçün internet və rabitə əlaqələrini tam təmin etmək məsuliyyətini götürməli olsaq, bunu bacara bilmərik",- Berneke deyib.

Avropa Komissiyasının nümayəndəsi Tomas Renye isə bəyan edib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya "Starlink"in analoqunu yalnız 2030-cu ilə qədər təklif edə biləcək.

Bundan əvvəl “Eutelsat”ın İlon Maska məxsus “Starlink” terminallarının mümkün bağlanması fonunda Ukraynada internetə əlavə çıxış təmin etmək üçün Avropa rəsmiləri ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.

Amerikanın "SpaceNews" nəşri peyklə ötürülən internet mövzusunda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazmışdı ki, Rusiyanın "Tobol" və "Kalinka" sistemləri Ukrayna Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə edilən “Starlink"in ideal qatilləri sayılır. “Tobol” kompleksi Rusiya peyklərini radioelektron mübarizənin təsirindən qorumaq üçün hazırlanıb. Bununla belə, sistem daha sonra Global Positioning System (GPS) kimi peyk rabitəsi və naviqasiya sistemlərini pozmaq üçün dəyişdirilib.
"Kalinka" sistemi isə ABŞ üçün xüsusi narahatlıq yaradır. Çünki o, “Starlink peyklərinə gələn siqnalları aşkarlaya və poza bilir.

Xatırladaq ki, fevralın sonunda bir neçə mənbəyə istinad edən “Reuters” agentliyi Kiyev və Vaşinqton arasında mineral ehtiyatlar üzrə razılıq əldə olunmayacağı tərzdə, ABŞ-nin Ukraynanı “Starlink” sistemindən ayırmaq variantını nəzərdən keçirdiyi barədə xəbər yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fransa   Peyk  





Xəbər lenti