Agentliyin müqavilə bağladığı özəl xəstəxanaların sayı artıb

Agentliyin müqavilə bağladığı özəl xəstəxanaların sayı artıb
  07 Aprel 2025    Oxunub:431
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 180-ə çatdırılıb.
Bu barədə AzVision.az -a agentlikdən məlumat verilib. Məlumata görə, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.

AzVision.az



Teqlər:





Xəbər lenti