Afrikanın daha bir ölkəsi Fransaya qapını göstərdi

   Afrikanın daha bir ölkəsi Fransaya  qapını göstərdi
  20 Dekabr 2024    Oxunub:406
Paris Çad hakimiyyətindən Fransa hərbi kontingentinin 2025-ci il yanvarın 31-dək bu ölkədən tamamilə çıxarılması barədə göstəriş alıb.
AzVision.az xəbər verir ki, Fransa hökumətinə yaxın olan mənbələr “Radio France internationale (RFİ)” radiostansiyasına belə məlumat ötürüblər.

“Cəmi yeddi həftə ərzində min əsgər və çoxlu texnikanı geri çəkmək qeyri-mümkündür. Bu qadağa Çadın yüksək hakimiyyət orqanlarındakı sərt dairələrin təzyiqidir. Texniki xarakter daşıyan danışıqlar hələ davam edir, lakin onlar yaxşı gedir”, - yüksək rütbəli fransız hərbi rəsmiləri deyiblər.

Çad hakimiyyətinə yaxın mənbə bildirib ki, fransız qoşunlarının çıxarılması üçün ilkin cədvəl mart ayına qədər hesablanıb, lakin bu çox uzun müddət sayıldığı üçün rədd edilib. “RFİ”-nin həmsöhbətinin dediyinə görə, Çad üçün ən yaxşı variant fevralın sonuna və ya müsəlmanların müqəddəs Ramazan ayının (12 mart) əvvəlinə qədər qoşunların çıxarılması olacaq.

- Bir neçə gün əvvəl Fransanın “Mirage 2000” qırıcı təyyarəsi Çadın paytaxtı Ndjamena yaxınlığındakı hava bazasını tərk edib və gələn həftə Fransanın “Faya-Larjo” (50 hərbçi) və “Abeşe” (təxminən 100 nəfər) nəzarət-buraxılış məntəqələrinin təxliyyəsinə başlanılacaq. Biz qüvvələrin və aktivlərin tam sürətlə çıxarıldığını göstərmək istəyirik”, - farnsalı hərbi məmurlara istinad edən “RFİ” yazır.

Onlar, eyni zamanda qeyd edirlər ki, bu əraziləri respublikanın paytaxtından on gündən artıq müddətə qət edilən məsafə ayrılır. Bundan sonra fransız hərbçiləri Ndjamena yaxınlığındakı “Aci Kossey” bazasından çıxmalı olacaqlar.

Xatırladaq ki, keçmişdə Fransanın müstəmləkəsi olan Çad 1960-cı ildə müstəqilliyini elan etdi. Bu il noyabrın 29-da isə ölkə hökuməti Fransa ilə 2019-cu ildə imzalanmış müdafiə sazişinə xitam verib. Çad hakimiyyəti bu qərarı respublikanın suverenliyini qorumaq istəyi ilə izah edib.

Çadın Xarici İşlər nazirliyi bu sazişin ləğvinin ölkəyə strateji tərəfdaşlıqlığa yenidən baxmağa imkan verəcəyini vurğulayıb. Bu ilin aprelində respublika hakimiyyəti “Aci Kossey” aviabazasında Amerikanın hərbi fəaliyyətlərinin dayandırılmasını tələb edərək, onların mövcudluğu üçün heç bir səbəb olmadığını bildirib. Elə həmin ay Pentaqon bəzi hərbçilərin Çaddan çıxarılmasını elan etdi.

Qara şahmat taxtası – TƏHLİL
Qeyd edək ki, son illər Qərbin, xüsusilə də həm daxili, həm də xarisi siyasət müstəvisində iflasa uğrayan Emmanuel Makronun prezidenti olduğu Fransanın Afrika qitəsində mövqeləri əhəmiyyətli dərəcədə zəifləməyə başlayıb. Nigerin, Burkino-Fasonun və Malinin ardınca, Çad hökumətinin də Fransaya qapını göstərməsi bunun əyani sübutudur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Çad   Fransa   ultimatum  





Xəbər lenti